Yanvarın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı qlobal qazma şirkəti olan “MHWirth” şirkətinin Baş vitse-prezidenti Yohannes Eikland və şirkətin Azərbaycan nümayəndəliyinin baş meneceri Rüfət Ziyadxanovla görüşüb.
Qonaqları salamlayan rektor, professor Mustafa Babanlı universitetdəki tədris prosesi, elmi işlər, mübadilə prosesi və yeni layihələrdən danışıb. ADNSU-da ingilis dilində ixtisasların tədrisinə geniş yer ayırıldığını diqqətə çatdıran rektor M.Babanlı ADNSU-da tanınmış xarici şirkətlərlə yanaşı bir çox xarici universitetlərlə əməkdaşlıq aparıldığını, xüsusən də ikili diplom proqramları istiqamətində geniş işlər görüldüyünü qeyd edib. Tələbələrin neft-qaz sektorunda bir çox yerli və xarici şirkətlərdə təcrübə keçdiyini deyən M.Babanlı “MHWirth” ilə yeni əməkdaşlıq imkanlarından söz açıb.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən “MHWirth” şirkətinin Baş vitse-prezidenti Yohannes Eikland təmsil etdiyi qurum haqqında məlumat verib və uzun illərdir qazma qurğularının qlobal təchizatçısı kimi faəliyyət göstərdiklərini deyib. Şirkətin Azərbaycan nümayəndəliyində milli kadrlara üstünlük verildiyini bildirən Y.Eikland proseslərin avtomatlaşdırılmasının prioritet olduğunu və bu sahədə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.