×

Xəbərlər

Xəbərlər 01 Aug 2023
ADNSU tələbələrinin iştirak etdiyi komanda “Missiya:2030 Hakatonun”da birinci yerə layiq görülüb

27-29 iyul 2023-cü il tarixində Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilən və Qarabağın yenidən bərpa və quruculuğuna həsr edilən “Missiya:2030 Hakatonu” keçirilib. Hakaton iştirakçıları 310 müraciət edən gənc arasından seçilmişdir. Yekunda isə 100 aktiv gənc 25 komanda şəklində 2 gün müddətində Qarabağın davamlı inkişafına həsr edilən 5 mövzu üzrə 25 innovativ və dayanıqlı həll yollarını təklif edib.

Komandalar ideya və təqdimatlarını təkmilləşdirmək üçün mentorların kömək və tövsiyələrindən istifadə ediblər. Mentorlar arasında 7 əlaqədar dövlət orqanının, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Azərkosmos”un, Coğrafi İnformasiya Sistemləri Mərkəzinin, Aqrar İnnovasiya Mərkəzinin rəsmiləri, DİM üzrə gənc səfirlər, təhsil işçisi, sahibkarlardan ibarət 12 nəfərlik heyət çalışıb.

Qaliblər müvafiq olaraq 5 min, 3 min və 2 min məbləğində pul mükafatı və diplomlarla təltif ediliblər. Qalib komandaların mövzuları Qarabağda ərzaq təhlükəsizliyinin təmini, Qarabağda təhlükəsiz, davamlı və smart şəhərlərin salınması kateqoriyalarına aid olub. Birinci yerin qalibi olan komanda üzvlərinə sentyabr ayında BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilcək DİM sammitində iştirak hüququ verilir. Yarışda tərkibində 2 ADNSU-nun SABAH tələbələri Cəbizadə Cahid və İsgəndərli Tuncay, 1 UFAZ tələbəsi Qurbanov Abid və 1 BMU tələbəsi Nəbi Şirinovdan ibarət olan "Enigma" komandasının "MyAgri" ideyası ilə birinci yerə layiq görülübdür.


Paylaş