Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) İstanbulda keçirilən THE Qlobal Dayanıqlı İnkişaf Konqresində uğurla təmsil olunur. ADNSU konqresdə “Yaşıl enerji sərhədinə enmək: ADNSU-nun dayanıqlı sənayeyə gedən yolu” şüarı ilə çıxış edir. Universitetin stendi yaşıl enerji, davamlı sənaye və texnoloji innovasiyalar sahəsində həyata keçirdiyi layihə və təşəbbüsləri əyani şəkildə təqdim edir. Burada həmçinin ADNSU-nun beynəlxalq akademik reytinqlərdə – xüsusilə THE və QS sıralamalarında – əldə etdiyi nəticələr vurğulanır. Ziyarətçilər universitetin DİM-lərə verdiyi töhfələrlə tanış olmaq üçün çap materialları, layihə təqdimatları və brend suvenirlərlə zənginləşdirilmiş stendlə tanış ola bilirlər.
Times Higher Education (THE) tərəfindən təşkil olunan bu nüfuzlu beynəlxalq tədbir, ali təhsil, dövlət, sənaye və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) doğru qlobal irəliləyişi müzakirə etməyi və sürətləndirməyi qarşısına məqsəd qoyur.
Dörd gün davam edəcək bu mühüm beynəlxalq tədbir “Times Higher Education” reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının birgə təşəbbüsü ilə təşkil edilib. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində apardıqları fəaliyyətləri müzakirə, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yollarını müəyyənləşdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.
Qeyd edək ki, THE tərəfindən 2019-cu ildə yaradılan Impact Rankings, ali təhsil müəssisələrinin sosial və iqtisadi təsirini, eyni zamanda DİM-lərə uyğunluğunu ölçən ilk qlobal reytinq sistemidir. Bu təşəbbüs 2022-ci ildən etibarən genişlənərək Qlobal Dayanıqlı İnkişaf Konqresi formatında dünyanın müxtəlif regionlarında keçirilir. İndiyədək tədbir Qlazqo, Tuval və Banqkokda baş tutub. 2025-ci ildə İstanbulda keçirilən builki konqres isə ADNSU üçün beynəlxalq tərəfdaşlıqları gücləndirmək, yeni əməkdaşlıqlara zəmin yaratmaq və universitetin dayanıqlı inkişaf gündəmini beynəlxalq səviyyədə təqdim etmək baxımından önəmli rol oynayır.