×

Xəbərlər

Xəbərlər 17 Jun 2025
ADNSU və Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqat proqramı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı ali təhsil müəssisəsi olan BƏƏ Universiteti (UAEU) arasında imzalanan tədqiqat əməkdaşlığı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş beş birgə layihənin icrasına start verilib. Layihələr DİM 7 (Əlçatan və təmiz enerji), DİM 9 (Sənaye, innovasiya və infrastruktur) və DİM 13 (İqlim dəyişikliyi ilə mübarizə) istiqamətlərini əhatə edir.

Hər bir tədqiqat layihəsində iki universitetin alimləri və tələbələri birgə çalışaraq elmi potensialın birləşdirilməsinə, innovativ həllərin tətbiqinə və gələcək üçün praktik nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyət göstərirlər. Tədqiqatlar həmçinin iki ölkə arasında akademik əməkdaşlığın inkişafında yeni mərhələ hesab olunur.

Layihə 1: Biodizel istehsalında biogen katalizatorların üstünlüyü

ADNSU-nun müəllimi Tahminə Tağı və UAEU-dan Zəfər Səid Şerin rəhbərlik etdiyi komandada tələbələr Aliyə Kurmayeva və Sara Malik-Aslanova iştirak edirlər. Araşdırma yumurta qabığından alınan biogen CaO katalizatorlarının sintetik alternativlərlə müqayisədə daha effektiv və əlçatan olduğunu üzə çıxarıb. Nəticədə 94.8% biodizel məhsuldarlığı əldə olunub. Layihə sənaye tətbiqi baxımından əhəmiyyətli perspektivlərə malikdir.

Layihə 2: Dayanıqlı inkişaf indikatorlarının süni intellektlə təhlili

ADNSU-dan Nigar İsmayılova və UAEU-dan Dr. Tanqavel Muruqanın rəhbərlik etdiyi bu layihədə tələbələr Nicat Axundzadə və İbrahim Muradov iştirak edirlər. Tədqiqat Dünya Bankının məlumatları əsasında ölkələrin CO₂ emissiyası və enerji sərfiyyatı üzrə təsnifatını aparıb. Gizli Markov Modelləri vasitəsilə 2030-cu ilə qədər davamlı inkişaf tendensiyaları proqnozlaşdırılıb və siyasət tövsiyələri hazırlanıb.

Layihə 3: Ağıllı və enerji qənaətli turizm marşrutları

Əziz Nuriyev (ADNSU) və Şerzod Turayevin (UAEU) rəhbərlik etdiyi layihədə tələbələr Kənan Qasımzadə və Əlihüseyn Oruczadə ilə birlikdə Z-əmsallarına əsaslanan bulanıq ehtimallı model hazırlayıblar. Model Bakı və Əbu-Dabi üçün səmərəli və ekoloji baxımdan zərərsiz turizm marşrutlarının planlaşdırılmasına imkan verir.

Layihə 4: Biomimetik damcı formalı platforma

Dərin sulu ərazilərdə külək enerjisi istehsalı üçün nəzərdə tutulan damcı formalı üzən platformanın dizaynı və eksperimental testləri bu layihənin əsas istiqamətini təşkil edir. Mahmud İsmayılov (ADNSU) və Nasir Səid (UAEU) tərəfindən həyata keçirilən layihədə tələbələr Şükufə Cəfərova və Nəzirin İsmayılova iştirak edir. CFD simulyasiyaları və dalğa tankı testləri dizaynın stabilliyini təsdiqləyib. Patentləşdirmə prosesi planlaşdırılır.

Layihə 5: Qamma şüalanması ilə çirklənmiş torpaqların təmizlənməsi

Samir Kərimov (ADNSU) və Məhəmməd Cəvaid Ziyaur Rəhmanın (UAEU) rəhbərlik etdiyi tədqiqat çirklənmiş torpaqlarda dayanıqlı təmizləmə metodunun tətbiqini əhatə edir. Cavidan Nəsirli və Nəzirin Əlihümbətova tərəfindən aparılan təcrübələrdə qamma şüalanması nəticəsində HCB və DDT kimi davamlı üzvi çirkləndiricilər 100%-ə qədər parçalanıb. Nəticələr GC-MS və HPLC analizləri ilə təsdiqlənib.

Qeyd edək ki, layihələrin nəticələri bu ilin noyabrında ADNSU-da təşkil olunacaq ortaq simpoziumda təqdim ediləcək. Burada hər iki universitetin tədqiqatçıları, sənaye nümayəndələri və dövlət qurumları davamlılıq və innovasiya istiqamətində fikir mübadiləsi aparacaqlar.

 

 


Paylaş