Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 15 sentyabr – “Bilik Günü” ilə bağlı “Məktəbliyə dəstək - Əkinçi çantası” adlı tədbir keçirilib.
ADNSU-nun və “Əkinçi Ailəsi” İB-in təşkilatçılığı ilə keçirilən tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Millət vəkili Ceyhun Məmmədov, İctimai şəxslər və təşkilat nümayəndələri, Şəhidlərimizin yaxınları və övladları, həmçinin universitetin professor- müəllim heyəti iştirak edib.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin gənclik, təhsil haqqında fikirlərinin də əks olunduğu video-çarx nümayiş olunub.
Sonra “Əkinçi Ailəsi” İB-in təsisçisi Emin Hacısoy təmsil etdiyi ictimai birliyin fəaliyyəti, o cümlədən bugünkü tədbir haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, bu gün Azərabaycanın öncül ali təhsil müəssisələrindən olan ADNSU-da keçirilən bu tədbirin əsas məqsədi şəhidlərimizin övladlarını bir araya gətirmək, yeni tədris ilinə onlarla birlikdə başlamaqdır.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və “Heydər Əliyev ili” ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə və elmin inkişafına diqqət etdiyini qeyd edən dosent Vazeh Əskərov bu gün bu missiyanın uğurla davam etdiyini bildirib. O, qeyd edib ki, təsadüfü deyildir ki, ölkəmizdə savadlı və vətənpərvər gənclər formalaşıb, həmin gənclərin qəhrəmanlığı, Ali Baş Komandan-Xalq-Ordu birliyi nəticəsində 44 gün ərzində torpaqlarımız düşmən tapdağından azad olundu və Azərbaycan əbədi zəfər qazandı. Vətən uğurunda şəhid olan qəhrəman oğullarımızın ruhunun hər zaman ehtramla yad olunacağını deyən dosent Vazeh Əskərov onların ailə üzvlərinin, övladalarının xalqımız üçün daim əziz insanlar olacağını deyib və bugünkü tədbirin onlara həsr olunmasını yüksək dəyərləndirib.
Millət vəkili Ceyhun Məmmədov çıxışında torpaqlarımızın ərazi bütövlüyünün qorunması və işğal altında olan əzəli Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması uğurunda canlarından keçən qəhrəmanlarımızın döyüş yolundan danışıb. O, bildirib ki, onların xatirəsini hər zaman uca tutmaq, ailə üzvlərinə və övladlarna xüsusi diqqət etmək təkcə dövlətin yox, ayrı-ayrı müstəqil təşkilatların, o cümlədən hər bir azərbaycanlının əsas vəzifəsidir. Çünkü bu gün onların sayəsində qalib ölkənin vətəndaşları olaraq başımızı dik tutur, Ali Baş Komandan rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunnun qələbəsindən qürurla danışırıq.
Digər çıxış edənlər də qəhrəman şəhidlərimizin igidliyindən bəhs ediblər və bildiriblər ki, onlar bizim and yerimizdir və hər şəhidin yerinə yüzlərlə azərbaycan gənci yetişməkdədir. Tədbirdə iştirak edən Şəhidərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə razılaqlarını bildiriblər.
Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub.