Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri ilə görüş keçirilib.
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, universitetin Kimya-texnologiya fakültəsi və “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının professor-müəllim heyətinin, eyni zamanda AQTİ-nin İdarə Heyətinin sədrinin müşaviri Hüseyn Məmmədov, Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rəşad Mehdizadə və Xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Səbinə Nuruzadənin iştirak etdiyi görüşdə əməkdaşlıq əlaqələri ilə bağlı perspektiv layihələr, birlikdə görüləcək işlər müzakirə olunub.
“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirov görüş haqqında iştirakçılara məlumat verdikdən sonra prorektor Lətafət Qardaşova İnstitututla ADNSU arasındakı əlaqələrdən danışıb. O, universitetdə qida təhlükəsizliyi ilə bağlı ixtisasın tədris olunduğunu və bu istiqamətdə ixtisaslı mütəxəssislər yetişdirildiyini bildirib.
Görüşdə qonaqlar institutun fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat veriblər və belə tədbirlərin hər iki müəssisə üçün əhəmiyyətli olduğunu bildiriblər. Görüş zamanı Qida Təhlükəsizliyi Agentliyi nəzdində fəaliyyət göstərən “Qida təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun təqdimatı olub. Qrupa ADNSU tələbələrindən üzvlər seçilib.
Sonra qonaqlar universitetdə laboratoriyaları gəziblər, buradakı şəraitlə yaxından tanış olublar.