Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb və “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsini aqrar sahədə süni intellektə əsaslanan institutların yaradılmasında mühüm addım kimi dəyərləndirib. Bu istiqamətdə ölkədə kifayət qədər böyük resurslar olduğunu deyən rektor, dosent Rüfət Əzizov süni intellektin aqrar sahəyə tətbiqi ilə ali təhsil müəssisələri ilə əlaqələrin inkişafında da nəzərəçarpan dəyişikliklər olacağına əminliyini bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ali təhsil müəssisələri ilə birgə keçirilən hakatonların, yarışların və bir çox müsabiqələrin kənd təsərrüfatı ilə bağlı olduğunu diqqətə çatdırıb. Layihənin aqrar sahədə rəqəmsal yanaşmaların genişləndirilməsi və müxtəlif sahələrin mütəxəssislərinin bilik mübadiləsinin təşviqi baxımından əhəmiyyətindən söz açan Anar Cəfərov layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil olunacağını deyib. “Bootcamp”ın əsas hədəflərindən birinin isə işğaldan azad olunmuş ərazilərdə aqrar inkişafı dəstəkləyən texnoloji həllərin tətbiqi və bu sahədə fəaliyyət göstərən tərəflər arasında təcrübə mübadiləsini təşviq etmək olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, ali təhsil müəssisələrindən ibarət komandaların təklif etdikləri ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.
Sonra Aqrar İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, “Agrovita” MMC-nin satış müdiri Orhan İnan, “EMA AGRO” MMC-nin baş aqronomu Mehmet Manavoğlu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Ruslan Zeynal, “Azerbaijan Robotics Engineering Academy” (AREA)-nın təsisçisi Rəhman Rəsulzadə kənd təsərrüfatında süni intellektin tətbiqinə və aqrar sahənin inkişafında bu alətlərin imkanları, həmçinin mövcud problemlər və perspektivlər barədə fikirlərini bölüşüblər, təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə bağlı məlumat veriblər.