×

Xəbərlər

Xəbərlər 07 Nov 2025
ADNSU-da Şanlı Zəfər tariximizin 5-ci ili qürurla qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən öncə ADNSU-nun şəhid məzunlarının xatirəsinə salınmış kompleksin önünə əklil qoyulub, xatirələri dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şəhid ailələri, qazilər, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin əhəmiyyətindən, Azərbaycan xalqının birliyi və ordumuzun qəhrəmanlığından danışıb. Bu tarixi qələbəni qorumaq və gələcək nəsillərə ötürmək üçün xüsusilə gənclərin böyük məsuliyyət daşıdığını deyən Elnur İsmayılov hər bir gəncin üzərinə düşən ən mühüm vəzifənin oxumaq, bilik və bacarıqlarını artırmaq, vətənə layiqli vətəndaş kimi formalaşmaq olduğunu bildirib.

Nəsimi Rayon İcra başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında qələbəmizin Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də dövlətimizin qüdrətini, gücünü və birliyini bütün dünyaya sübut etdiyini deyib. Şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərinin daim yaddaşlarda yaşayacağını qeyd edib. Daha sonra zəfər tarixinə və şəhidlərə həsr olunmuş film və videoçarx nümayiş olunub. 

ADNSU-nun şəhid məzun və tələbələrinin ailə üzvlərinin də iştirak etdiyi məzun Əli Hüseyn Məmmədovun anası Arzu Məmmədova çıxış edərək göstərilən diqqətə və ehtiram görə ADNSU rəhbərliyinə təşəkkürünü bildirib, oğlunun və bütün şəhidlərin xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını deyib. Ardınca universitetin qazi tələbəsi Kamran Nəzərli Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb. 

Tədbir Zəfər gününə həsr olunmuş bədii hissə ilə davam edib. 


Paylaş