Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsinin növbəti təlim keçirilib. Sessiya ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli tərəfindən aparılıb.
Təlim informativ çıxışın qurulması, məruzə növləri, auditoriyanı məlumatlandırma üsulları və nitqin məntiqi strukturunun formalaşdırılması mövzularına həsr olunub. İştirakçılar informativ nitqin mahiyyəti, məqsədi və janrları barədə geniş məlumat əldə ediblər. Faktlara əsaslanan çıxışın necə hazırlanmalı olduğu, auditoriyaya yeni bilik ötürməyin düzgün yanaşmaları və təqdim olunan məlumatın seçilməsi prinsipləri təlimçi tərəfindən izah edilib. Nitqin obyektivliyinin qorunması, şəxsi rəydən uzaq dayanmaq kimi qaydalar tələbələrin diqqətinə çatdırılıb.
Sessiyada klassik ritorikanın üç əsas elementi olan loqos, etos və patos da geniş izah olunub. Xülya Sabirli Aristotelin ritorika nəzəriyyəsinə əsaslanaraq məntiqi arqument qurmaq, emosional bağ yaratmaq və spikerin etibarlılığını gücləndirmək yollarını tələbələrə təqdim edib. Auditoriya ilə emosional əlaqənin qurulması, şəxsi hekayələrdən istifadə, vizual təsvirlərin yaratdığı emosional effekt kimi amillərin nitqin təsir gücünə necə təsir etdiyi slaydlarda əyani şəkildə göstərilib.
Sessiya interaktiv müzakirələrlə davam edib.
Qeyd edək ki, proqrama qoşulan tələbələt əvvəlcədən CV və müsahibə əsasında seçilib. Təlimlər həm Azərbaycan, həm də ingilis dillərində keçirilir. Layihənin növbəti mərhələlərində media və kommunikasiya sahəsində tanınmış mütəxəssislər də çıxış edəcək və tələbələrlə öz təcrübələrini bölüşəcəklər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və ən yüksək nəticə göstərən üç tələbə ADNSU Tələbə Həmkarlar İnttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq.