Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və bir qrup yerli və əcnəbi tələbə işğaldan azad olunmuş Şuşaya səfər edib. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təqdim etdiyi bələdçi ADNSU kollektivinə Şuşanın tarixi, onun Azərbaycan xalqı və dövlətçiliyi, mədəniyyəti və incəsənəti üçün önəmi barədə ətraflı məlumat verib. ADNSU tələbələri şəhərin dağıdılmış obyektləri, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar. Cıdır düzü, Şuşanın valehedici təbiəti, Yuxarı Gövhərağa məscidi, Vaqifin məqbərəsi, Natəvan bulağı, Mir Mövsüm Nəvvabın ev muzeyi, erməni vandallarının güllələnmiş heykəlləri, görkəmli xanəndə, Azərbaycanın görkəmli opera müğənnisi Bülbülün ev muzeyi tələbələrin, xüsusilə əcnəbi tələbələrin heyrətinə səbəb olub. ADNSU-nun tələbə və əməkdaşları Yuxarı Gövhərağa məscidində torpaqlarımızın azadlığı uğrunda həlak olan Azərbaycan əsgərlərinin xatirəsini dərin ehtramla anıblar.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çay süfrəsi ətrafında tələbələrə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa etməsindən danışıb. Əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad olunması, milli qürurumuzun yerinə qaytarılması naminə canlarından keçən Azərbaycan əsgərlərinin qəhrəmanlığından bəhs edən dosent Vazeh Əskərov torpaqlarımızın azad olunması uğrunda ADNSU-nun 23 tələbə və məzununun şəhid olduğunu vurğulayıb. O, hazırda Şuşada, Laçında, Füzulidə və bütövlükdə işğaldan azad olunmuş bütün torpaqlarda misli görünməmiş quruculuq işlərinin aparıldığını qeyd edərək gənclərin bu proseslərə töhfə vermələri üçün yüksəkixtisaslı kadrlar kimi yetişməsinin əhəmiyyətini qeyd edib. Dosent Vazeh Əskərov belə bir ekskursiyanın təşkilatçılığını görə universitetin beynəlxaq əlaqələr üzrə prorektorun müavini, dosent Ülviyyə Abbasovaya və Əcnəbi tələbələr dekanı t.e.n. Yaşar Həsənova təşəkkürünü bildirib.
Azərbaycanlı tələbələr indiyədək doğmalarının onlar üçün təsvir etdikləri Şuşanı canlı surətdə gözləri ilə görə bildiklərindən xoşbəxt olduqlarını söyləyərək universitetin onlara belə bir imkan yaratdığı üçün rektor əvəzi Vazeh Əskərova təşəkkürlərini bildiriblər. Əcnəbi tələbələr isə indiyədək ölkənin müxtəlif bölgələrində olduqlarını, lakin füsünkar təbiəti və qədim tarixi abidələri və mədəniyyəti ilə onlarda silinməz təəssürat yaradan Şuşanı Azərbaycanın əsl incisi adlandırıblar.
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Yay Məktəbinin iştirakçısı olan yerli və əcnəbi tələbələrə sertifikatlar tətbiq edilib. İyulun 31-də Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft İqtisadiyyatı, Alternativ Enerji, Ətraf Mühitin Mühafizəsi” mövzusunda Beynəlxalq Yay Məktəbi akademik və mədəni hissədən ibarət olub. Akademik hissədə tələbələr tanınmış təlimçilər, iqtisadçı, İT sektorunun peşəkarları və politoloqlar tərəfindən mühazirələr oxunub. Mədəni tədbirlər çərçivəsində Beynəlxalq Yay Məktəbinin iştirakçılar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, bp-nin və ARDNF-nin baş ofislərində, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində, Şəki şəhərində, eləcə də Şuşada olublar.