×

Xəbərlər

Xəbərlər 28 Oct 2025
ADNSU-da “Fövqəladə hadisələrə hazırlıq” mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) illik tədbirlər planına uyğun olaraq “Fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib.
Məşqin məqsədi ADNSU-nun Mülki Müdafiə qüvvələrinin hazırlıq səviyyəsini, idarəetmə və xəbərdarlıq sisteminin işləkliyini, həmçinin dinc dövr üçün Mülki Müdafiə planının gerçəkliyini yoxlamaq olub.
Tədbirdə universitetin rəhbər heyəti, Mülki Müdafiə qüvvələri, fakültə və struktur bölmələrin nümayəndələri iştirak ediblər. Məşq ADNSU-nun əsas binasının qarşısında təşkil olunub və iştirakçılar təlimatlara uyğun şəkildə müəyyən olunmuş vaxtda toplanış məntəqəsinə gələrək fəaliyyət planına əsasən tapşırıqları yerinə yetiriblər. Məşqdə universitetin şəxsi heyətinin, tələbələrin, MM qüvvələrinin əməli köməkliyi ilə mütəşəkkil surətdə təxliyyə olunması sınaqdan keçirilib.
ADNSU-nun Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov toplantıda çıxış edərək fövqəladə hallarda Mülki Müdafiə qüvvələrinin rolundan danışıb. O, məşqin illik tədbirlər planına uyğun olaraq keçirildiyini bildirib.
Xəbərdarlıq məşqində universitetin 2 saylı tələbə poliklinikasının həkim və tibb personalı da fəal iştirak edib. Məşq zamanı müəyyən edilən nöqsanlar yerində aradan qaldırılıb.
Nəticədə, ADNSU-da keçirilən məşq Mülki Müdafiə qüvvələrinin fövqəladə hallara hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu göstərib.


Paylaş