×

Xəbərlər

Xəbərlər 28 Oct 2025
ADNSU-da tələbələr üçün Baker Hughes şirkəti tərəfindən “Career Day” sessiyası keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Mühəndislər Birliyinin və ADNSU Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə dünyanın aparıcı neft-qaz şirkətlərindən biri olan Baker Hughes şirkətinin nümayəndələrinin iştirakı ilə “Career Day” sessiyası keçirilib.

Tədbirin məqsədi tələbə və məzunlara beynəlxalq enerji şirkətinin fəaliyyəti, işə qəbul prosesi, təcrübə proqramları və karyera imkanları barədə ətraflı məlumat vermək, həmçinin onları əmək bazarının tələbləri ilə daha yaxından tanış etmək olub.

Sessiyada Baker Hughes şirkətinin ölkə üzrə filial direktoru Yanis Levzhinskiy və şirkətin menecerləri iştirak edərək tələbələrlə görüşüblər. İştirakçılara şirkətin tarixi, fəaliyyət istiqamətləri və texnoloji innovasiyalar sahəsində həyata keçirdiyi layihələr barədə təqdimat nümayiş etdirilib. Nümayəndələr tələbələri maraqlandıran sualları cavablandıraraq işə qəbul mərhələləri, təcrübə proqramlarında iştirak şərtləri və bu proqramlarda uğur qazanmaq üçün tələb olunan əsas bilik və bacarıqlar barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında aktiv iştirak edən və suallara düzgün cavab verən tələbələrə Baker Hughes şirkəti tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda univerisitet tərəfindən Baker Hughes şirkətinə və Azərbaycan Mühəndislər Birliyinə tələbələrin karyera inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib.


Paylaş