×

Xəbərlər

Xəbərlər 28 Oct 2024
ADNSU-nun əməkdaşları Rusiya Federasiyasında işgüzar səfərdə olub

21-25 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı universitetlərinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə işgüzar səfərdə olublar. Səfərdə ADNSU-nu Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Araz Əliyev və Beynəlxalq layihələr üzrə menecer Orxan Nəbiyev təmsil ediblər.

Səfərin ilk günü nümayəndə heyəti M.V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) görüşlər keçirərək təhsilin monitorinqi, keyfiyyətin təmin olunması və beynəlxalq akademik əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Kimya, Geologiya, Tarix və Xarici Dillər fakültələrinin rəhbər heyəti ilə yol xəritəsinin hazırlanması məqsədilə akademik və tədris əməkdaşlığı imkanları, beynəlxalq QS reytinqlərində iştirakın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində ADNSU nümayəndələri Rusiya Dövlət Neft və Qaz Universiteti ilə də görüşlər keçiriblər. Görüşlər zamanı gələcəkdə birgə elmi layihələr, tələbə-müəllim mübadiləsi proqramları və 2025-ci ildə ADNSU-nun 105 illik yubiley tədbirlərində birgə iştiraka dair müzakirələr aparılıb.

Səfərin Sankt-Peterburq mərhələsində, 24-25 oktyabr tarixlərində, ADNSU nümayəndələri Sankt-Peterburq Politexnik Universiteti, İTMO Universiteti və Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində görüşlər keçiriblər. Görüşlərdə QS reytinqlərində əməkdaşlıq, İT, kimya texnologiyaları və alternativ energetika sahələrində birgə elmi tədqiqatlar və müəllim-tələbə mübadiləsi imkanları müzakirə olunub. Sankt-Peterburq Universiteti ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə yol xəritəsinin hazırlanmasına dair anlaşma əldə olunub.

Nümayəndə heyətinin müzakirələri nəticəsində Rusiya universitetləri ilə akademik və mədəni sahələrdə yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Azərbaycanda ali təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsildə yüksək keyfiyyət standartlarının təmin olunması, elmi əməkdaşlığın genişləndirilməsi və digər bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Paylaş