Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sərhədlərdən kənarda: qlobal elmi əməkdaşlıq və tədqiqatların ön sıralarında olmaq” mövzusunda seminar keçirilib
Seminarda mühəndislik, süni intellekt, robototexnika, sosial elmlər və qlobal tədqiqat əməkdaşlığına maraq göstərən tələbələr, magistrantlar və tədqiqatçılar iştirak ediblər.
Seminar universitetin məzunu, Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu, Mühəndisliklə Qadınlar Azərbaycan filialının direktoru, Dortmund Universiteti, "Schwarzman" təqaüdçüsü, Tsinxua Universiteti, Beynəlxalq Əlaqələr üzrə “Schwarzman” tədqiqatçısı Sonabəyim Hüseynzadə tərəfindən aparılıb.
Sonabəyim Hüseynzadə qlobal elmi əməkdaşlığın müasir tədqiqatlarda rolu, beynəlxalq tərəfdaşlıqların yaratdığı imkanlar barədə danışıb. O, həmçinin Almaniya, Yaponiya, Fransa və İtaliya kimi ölkələrdə əldə etdiyi tədqiqat təcrübələrini iştirakçılarla bölüşüb.
Çıxış zamanı multidissiplinar tədqiqat mühitlərinin formalaşdırılması, mühüm elmi problemlərin erkən identifikasiyası və beynəlxalq tədqiqat imkanlarına çıxış yolları seminarın əsas müzakirə mövzularını təşkil edib.
Qeyd edək ki, Sonabəyim Hüseynzadə ADNSU-nun Mexatronika mühəndisliyi ixtisası üzrə məzunudur. Hazırda o, Tsinxua Universitetinin Schwarzman College proqramında təhsil alır və dünyada təxminən 1.5% qəbul göstəricisi ilə seçilən Schwarzman Scholars proqramının təqaüdçülərindən biridir.
Seminarın məqsədi iştirakçıları qlobal elmi ekosistemə inteqrasiya imkanları ilə tanış etmək, onların tədqiqat fəaliyyətlərini genişləndirmək və beynəlxalq elmi əməkdaşlıqlarda daha effektiv iştirak üçün zəruri strategiyaları təqdim etmək olub.