16 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) sonuncu kurs tələbələrinin 2025/2026-cı tədris ili üzrə istehsalat təcrübəsinə start verilib. Universitetin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirmək məqsədilə təşkil olunan bu prosesə ümumilikdə isə cari tədris ili ərzində 3000-dən çox ADNSU tələbəsinin istehsalat təcrübəsinə cəlb olunması planlaşdırılır. Hazırda isə ümumilikdə 2915 nəfər tələbə müxtəlif özəl və dövlət müəssisələrində istehsalat təcrübəsi keçir. İstehsalat təcrübəsinə göndərilən tələbələrdən 2681 nəfəri IV kurs, 234 nəfəri isə qiyabi şöbənin V kurs tələbələri və normativ müddətdən artıq təhsil alanlardır. Təcrübə proqramı universitetin Qaz-neft mədən fakültəsi, Neft mexanika fakültəsi, Energetika fakültəsi, Kimya texnologiya fakültəsi və İnformasiya texnologiyaları və idarəetmə fakültəsi üzrə təşkil olunub. Digər iki fakültənin (İqtisadiyyat və menecment, Geoloji kəşfiyyat) tələbələri isə növbəti mərhələdə təcrübəyə cəlb olunacaq.
Tələbələr ölkənin aparıcı dövlət və özəl müəssisələrində istehsalat təcrübəsi keçirlər. Təcrübə bazalarına SOCAR və onun tabeliyində fəaliyyət göstərən qurumlar, Balaxanı Oil, Suraxanı Oil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri, AzerGold, SOCAR Upstream, SOCAR Polymer, SOCAR Downstream, UBOC, Baku Steel Company, AIMC, AZCON Holding və onun tabeli qurumları, Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları, Azercell, Norm, RAM Holding, Kapital Bank, Express Bank, Yelo Bank, Aztelekom, CBM Engineering, Developia, Abşeron Logistika, Milla Dairy, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azersun Holding, Veysəloğlu Şirkətlər Qrupu və digər müəssisələr daxildir.
Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin peşəkar hazırlığında mühüm rol oynayır. Universitetin Təcrübə şöbəsinin təşkilatçılığı ilə il boyu müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr dövlət və özəl müəssisələrdə praktiki fəaliyyətə cəlb olunurlar. Bu proses tələbələrin auditoriyada əldə etdikləri nəzəri bilikləri real istehsalat mühitində tətbiq etmələrinə geniş imkan yaradır.
Müasir əmək bazarının tələblərinə uyğun olaraq təşkil olunan təcrübə proqramları tələbələrin praktiki bacarıqlarının inkişafına, peşə vərdişlərinin formalaşmasına və istehsalat prosesinin xüsusiyyətlərini yaxından mənimsəmələrinə şərait yaradır. Tələbələr təcrübə müddətində müasir texnologiyalarla tanış olur, istehsalat proseslərinin təşkilini öyrənir və peşəkar mütəxəssislərlə birbaşa işləmək imkanı əldə edirlər.
Bununla yanaşı, bir çox hallarda istehsalat təcrübəsi tələbələrin gələcək karyera imkanlarının formalaşmasına da müsbət təsir göstərir. Təcrübə keçdikləri müəssisələrdə öz bacarıqlarını nümayiş etdirən tələbələr məzun olduqdan sonra həmin qurumlarda əmək fəaliyyətinə başlamaq imkanı əldə edirlər.
Beləliklə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-ndə təşkil olunan istehsalat təcrübələri tələbələrin həm nəzəri, həm də praktiki biliklərinin inkişafına töhfə verir və nəticə etibarilə universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətli, ixtisaslı mütəxəssis kimi formalaşmasına mühüm zəmin yaradır.