Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sərhədlərdən kənarda: qlobal elmi əməkdaşlıq və tədqiqatların ön sıralarında olmaq” mövzusunda elmi seminar keçiriləcək. Tədbir saat 16:00-da universitetin 418 nömrəli auditoriyasında baş tutacaq.
Seminarda ADNSU-nun məzunu Sonabəyim Hüseynzadə çıxış edəcək. Çıxış zamanı qlobal elmi əməkdaşlığın müasir tədqiqatlarda rolu, beynəlxalq tərəfdaşlıqların yaratdığı imkanlar və Almaniya, Yaponiya, Fransa və İtaliya kimi ölkələrdə əldə edilmiş tədqiqat təcrübələrinin praktik faydaları müzakirə olunacaq. Xüsusilə multidissiplinar tədqiqat mühitlərinin formalaşdırılması, mühüm elmi problemlərin erkən identifikasiyası və beynəlxalq tədqiqat imkanlarına çıxış yolları seminarın əsas mövzularını təşkil edəcək.
Seminarın məqsədi iştirakçıları qlobal elmi ekosistemə inteqrasiya imkanları ilə tanış etmək, onların tədqiqat fəaliyyətlərini genişləndirmək və beynəlxalq elmi əməkdaşlıqlarda daha effektiv iştirak üçün zəruri strategiyaları təqdim etməkdir.
Qeyd edək ki, Sonabəyim Hüseynzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexatronika mühəndisliyi ixtisası üzrə məzunudur. Hazırda o, Çinin Tsinxua Universitetinin “Schwarzman College” proqramında təhsil alır və dünyada təxminən 1.5% qəbul göstəricisi ilə seçilən Schwarzman Scholars proqramının təqaüdçülərindən biridir. Bundan əlavə, o, müxtəlif beynəlxalq universitetlərdə tədqiqat fəaliyyəti ilə məşğul olmuş və “IEEE Women in Engineering Azerbaijan” təşkilatının təsisçisi və sədri kimi fəaliyyət göstərir.
Seminar mühəndislik, süni intellekt, robototexnika, sosial elmlər və qlobal tədqiqat əməkdaşlığına maraq göstərən tələbələr, magistrantlar, tədqiqatçılar və akademik heyət üçün nəzərdə tutulub.