Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
Öncə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiqlənib.
Rektor, dosent Rüfət Əzizovun sədirliyi ilə keçirilən iclasda universitetin fəaliyyət planı, görüləcək işlər, perspektivlər və konkret hədəflərdən bəhs olunub.
İclasda universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov imtahanların təşkili barədə (2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar) məlumat verib. Bildirilib ki, hazırda dərs prosesi və imtahanların təşkili ilə bağlı məsələlər qənaətbəxşdir. İmtahan sualları imtahan sessiyasının başlanmasına ən azı bir ay qalmış fənni tədris edən mühazirə müəllimi tərəfindən LMS elektron təhsil sistemində yerləşdiriləcək. İmtahanlar təkcə yazılı yox, həm də yazılı-şifahi (ilkin olaraq 10-15 faizi) olacaq. Bundan əlavə, imtahan biletlərinin 5-ci sualı olan təqdimat mövzuları akademik qrupda təhsil alan tələbələrin sayından asılı olmayraq 10-dan artıq olmayacaq.
Elmi Şuranın yeni qərarına görə “İmtahanların təşkili və keçirilməsi qaydaları”nı pozan təhsilalanlar imtahan otağından kənarlaşdırılmalı, lakin onlara fənnin kreditinin 25%-ni ödəməklə imtahan vermələrinə şərait yaradılmalıdır. Diqqətə çatdırılıb ki, tədrisin təşkili, imtahanlara hazırlıq və digər bu kimi məsələlərdə tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılacaq.
Elmi Şurada Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov 2026-2030-cu illər üzrə strateji inkişaf planı barədə məlumat verib və bu istiqamətdə görüləcək işlər müzakirə edilib.
İclasda gündəliyə uyğun olaraq İqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov fakültənin illik fəaliyyəti, İnsan Resurslar Departamentinin direktoru Günay Rəfiyeva işə qəbul prosedurunun tənzimlənməsi, TEC-in sədri, dosent Elviz İsmayılov Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.
Bu və ya digər mühum məsələlər şura üzvləri ilə müzakirə olunduqdan sonra yekdil qərarlar qəbul edilib.
Gənclərə yüksək təhsil verilməsi ilə yanaşı, qarşıda ADNSU-nun elmi tədqiqat universitetinə çevrilməsi kimi mühüm bir hədəfin olduğunu qeyd edən dosent Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı irad və təkliflərini bildirib, konkret tapşırıqlar verib.