Bakıda keçirilən Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfrans işini davam etdirir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə keçirilən tədbirdə rektor, professor Mustafa Babanlı salamlama nitqi ilə çıxış edib:
Möhtərəm nazirlər!
Hörmətli rektorlar!
Xanımlar və cənablar!
Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının yarımillik konfransına ev sahibliyi etmək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sizlərin hər birini Bakıda, Azərbaycanda görmək Universitetin rektoru olaraq mənim üçün böyük bir şansdır.
“Qloballaşma və ali təhsildə yeni meyarlar” adlanan ikigünlük konfransda biz qloballaşma çərçivəsində həm yerli həm də beynəlxalq səviyyədə təhsilin yeni üfüqlərini və meyarlarını müzakirə edəcəyik. Müxtəlif ölkələri təmsil edən təhsil rəhbərləri olaraq biz gündəmdə olan məsələləri müzakirə etməli, öz təcrübələrimizi bölüşməli və qarşıda duran problemlərin həlli yollarını tapmalıyıq.
Hər bir ölkə öz üslubunda inkişaf edir. Beləliklə, milli təhsil sistemləri bir-birindən fərqlənə bilər. Lakin qlobal dəyişikliklər bütün ölkələrə yansıyır, bu da o deməkdir ki, biz müxtəlif ölkələrin təhsil rəhbərləri olaraq eyni inkişaf və çağırışlarla üzləşirik və buna düzgün qaydada bəzən isə birlikdə cavab verməliyik.
Sürətlə qloballaşan dünyada universitetlərimiz, proqramlarımız və imkanlarımız yeni reallıqlarla uyğun gəlməyə bilər. Dünyanın hər bir yerində artıq tələbələr xüsusi biliklər, yeni vasitələr və müasir yanaşma tələb edirlər. Biz isə universitetlərimizi təkcə bu günə uyğunlaşdırmamalıyıq, sabahı da düşünməliyik. Biz gələcəyin universitetlərini yaratmalıyıq.
Bu konfransın keçirildiyi yer Bakı şəhərinin və Azərbaycanın müasir və futuristik rəmzi olan Alov qüllələridir, çünki ölkəmiz müasirliyə və tərəqqiyə doğru inkişaf edir. Bu baxımdan biz burada tətbiq etmək və təxəyüllümüzü, proqramlarımızı və imkanlarımızı təkmilləşdirmək məqsədilə digər ölkələrin təhsil sahəsində təcrübələrini öyrənməyimizə şadıq.
Biz həmçinin öz təcrübəmizi – həm uğurlarımızı həm də çağırışlarımızı paylaşmağa hazırıq.
Mən bir həftə öncə yenidən seçilən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə təhsilə göstərdiyi daimi qayğıya görə təşəkkür etmək istəyirəm. Əslində təhsil onun siyasətinin prioritetlərindən biridir. Buna görə də əminəm ki, bu konfrans cənab Prezidentin milli təhsilimiz ilə bağlı yol xəritəsinə uyğun gəlir, çünki biz təhsilin keyfiyyətinin yüksəlməsi üçün yeni ideyalar yarada bilərik.
Mən Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən cənab Ceyhun Bayramova universitetimizin apardığı islahatlara və beynəlxalq proqramlara verdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm.
Mən bu konfransda iştirak etməklə bizə şərəf verən Gürcüstanın Təhsil və Elm Naziri cənab Mixail Çxenkelini salamlayıram. Mən həmçinin, UPBA-nın tədbirləri və proqramlarında daim fəal iştirak edən BMT-nin rəsmisi cənab Ramu Damodarana təşəkkürümü bildirirəm.
Dostlarım UPBA-nın prezidenti cənab Kaxa Şengeliyaya və UPBA-nın baş katibi cənab Gerald Reisingerə bu tədbirə və bu qədər vacib qonaqlara ev sahibliyi etmək üçün bizə verdikləri bu möhtəşəm fürsətə görə minnətdaram.
Ümid edirəm ki, bu konfrans ünsiyyət qurmaq və yeni əlaqələr yaratmaq baxımından da hər kəs üçün faydalı və məhsuldar olacaq. Konfrans ortaq maraq nöqtələri tapmağımız, universitetlərimiz arasında əməkdaşlığı genişləndirməyimiz üçün yaxşı bir platforma olacaq.
Hər birinizə Azərbaycanda maraqlı təcrübə arzulayıram.
Təşəkkürlər!