Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının professor-müəllim heyəti oktyabrın 18-də SOCAR-ın Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) mədənlərində sənaye təcrübə proqramında iştirak edib.
Proqram çərçivəsində Bibiheybət NQÇİ-nin hasilatın idarə edilməsi xidmətinin rəis müavini Rauf Vəliyev iştirakçılara idarənin yaranma tarixi, fəaliyyəti və əsas istehsalat istiqamətləri barədə ətraflı məlumat verib. O, həmçinin qonaqları müxtəlif istehsalat sahələri ilə tanış edib.
Rauf Vəliyev qazma və hasilat proseslərində rast gəlinən mürəkkəbləşmələr, onların aradan qaldırılması üsulları, avtomatlaşdırılmış idarəetmə sistemləri, distant nəzarət mexanizmləri və təhlükəsizliyin təmin olunması tədbirləri barədə məlumatları müəllimlərlə bölüşüb. O, qeyd edib ki, müasir texnologiyaların tətbiqi nəticəsində hasilatın həcmi artırılıb, quyuların təmir müddəti isə azaldılıb.
Daha sonra ADNSU-nun müəllimləri hasil edilən neftin təmizlənməsi və saxlanması sahələrinin iş prinsipi ilə tanış olub, burada yaradılmış müasir idarəetmə sistemi və yüksək səviyyəli texniki təhlükəsizlik vasitələri barədə ətraflı məlumat alıblar. Təcrübə proqramının ən yadda qalan məqamlarından biri 1846-cı ildə istismara verilmiş ilk №1 hasilat quyusu ilə tanışlıq olub.