Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazaxıstanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Nazarbayev Universitetinin professorları Durvudkhan Suragan və Omer F. Baris elmi təqdimatla çıxış ediblər.
Tədbir ADNSU-nun Riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyevin təşkilatçılığı ilə keçirilib. Görüşdə universitetin bir sıra müəllimləri, doktorantlar və tələbələr iştirak ediblər.
Təqdimat zamanı qonaqlar Nazarbayev Universitetinin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri və innovativ tədris modelləri barədə ətraflı məlumat veriblər. Onlar həmçinin ali təhsil sistemində müasir yanaşmalar, elmi nəticələrin kommersiyalaşdırılması və beynəlxalq layihələrdə iştirak imkanları haqqında fikir mübadiləsi aparıblar.
Təqdimatdan sonra ADNSU ilə Nazarbayev Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Sonda professorlar qarşılıqlı əməkdaşlığın hər iki universitet üçün əhəmiyyətini vurğulayaraq, gələcəkdə birgə elmi tədbir və seminarların keçirilməsinin vacibliyini qeyd ediblər.