Sentyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, “Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal, SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, qonaqlar, media nümayəndələri və tələbələr iştirak edib.
Tədbirdə çıxış edən “Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal X.Yusifzadənin dünya miqyasında tanınan geoloq, mütəxəssis olduğunu və onun haqqında olan kitabın fransız dilinə tərcüməsinin olduqca əhəmiyyətli olduğunu deyib. D.Lemarchal X.Yusifzadənin Azərbaycanın neft və qaz sektorunda, xüsusilə də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağındakı xidmətlərindən danışıb və onun həyatının Fransa oxucuları üçün də olduqca maraqlı olduğunu bildirib. Avtobioqrafik hekayələri cəmləyərək kitab halında yazdığı üçün X.Yusifzadəyə təşəkkür edən D.Lemarchal kitabın Azərbaycan mənəviyyatının dünyada tanıdılmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
ADNSU-nun rektoru Mustafa Babanlı çıxışında “Ömrümün illəri və izləri” kitabındaki hər bir epizodun gənclərə örnək olduğunu deyib. X.Yusifzadənin həyatının hər anını paylaşdığı belə bir kitabdan gənclərlə yanaşı artıq fransız dilli oxucuların da faydalana biləcəyini deyən rektor, professor M.Babanlı kitabın ingilis dilinə tərcümə olunmasının əhəmiyyətinə toxunub. Bununla yanaşı, rektor M.Babanlı akademik X.Yusifzadənin tələbələrə, xüsusən də ADNSU tələbələrinə diqqət və qayğısından söz açaraq universitetdə onun adına təqaüdün təsis olunduğunu vurğulayıb.
Sonra SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, AMEA prezidenti, akademik Akif Əlizadə, SOCAR-ın vitse-prezidentinin müşaviri və kitabın redaktoru Ələkbər Abbasov çıxışlarında “Ömrümün illəri və izləri” kitabının gənclər üçün əhəmiyyətindən danışıb, həmçinin kitabla bağlı təəssüratlarını bölüşüblər.
Tədbirin sonunda Xoşbəxt Yusifzadə çıxış edərək kitabın fransız dilinə tərcümə olunması ideyasının necə yarandığından danışıb. Kitabın Fransız oxucuları üçün maraqlı olacağına onu inandırdığı üçün kitabın tərcüməçisi xanım Jeamine Lemarchala təşəkkürünü bildirib. Həmçinin Fransaya ilk səfərlərindən və Azərbaycanın Fransanın “Total” şirkəti ilə əməkdaşlığından geniş bəhs edən X.Yusifzadə kitabın bundan öncə rus və hətta Vyetnam dillərinə tərcümə olunduğunu bildirib və “Əsrin müqaviləsi”nin 25 illiyi ərəfəsində bu kitabı hər kəsə tövsiyə edib.
Qeyd edək ki, Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabı Azərbaycanın böyük neft epopeyası haqqında maraqlı hekayətdir. Son əlli beş ildə bu epopeyanın mərkəzi simalarından biri olmuş X. Yusifzadə ölkəmizdə neft və qaz sənayesinin inkişafının, Azərbaycanın yeni neft strategiyasının uğurlu, bəzən də dramatik səhifələrini qələmə alıb. Eyni zamanda, bu kitab keçdiyi böyük həyat yolu, peşəsi, həmkarları, doğma və yaxın adamları haqqında müəllifin düşüncələridir.