Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində “21 Fevral – Beynəlxalq Ana dili Günü” münasibətilə dəyirmi masa və tematik kitab sərgisi təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca ana dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masanı giriş sözü ilə Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova açaraq Azərbaycan dilinin zəngin ədəbi irsi, tarixi inkişaf yolu və milli kimliyin formalaşmasındakı müstəsna rolundan bəhs edib.
Tədbirdə Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov, dosent Ruslan Abdullayev, kafedranın baş müəllimi Könül Abdullayeva, müəllim Vəfa Hüseynzadə və Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev çıxış edərək ana dilinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar.
Bədii hissədə Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Şəmsiyyə Mustafayeva xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini, tələbə Fərda Babayev isə şairin “Latın dili” əsərini səsləndirib.
Tədbirin sonunda “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş kitab sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgidə Azərbaycan dilinin tarixi, ədəbi irsi və dilçilik elminə dair nəşrlər nümayiş etdirilib.