Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya ilə görüş keçirilib.
Görüşdə kosmik sahədə beynəlxalq əməkdaşlıq və akademik tərəfdaşlıq istiqamətində bir sıra mühüm məsələlər ətraflı nəzərdən keçirilib.
Görüş çərçivəsində “Beynəlxalq Astronavtika Konqresi 2026” layihəsində iştirak imkanları, kosmik yönümlü akademik proqramların genişləndirilməsi və Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) platforması üzrə tədqiqat və inkişaf proqramlarında əməkdaşlıq perspektivlərimüzakirə edilib.
Müzakirələr zamanı Azərbaycan universitetlərinin “Milli Peyk İnnovasiya Müsabiqəsi”ndə iştirakı, xüsusilə ADNSU-nun əsas ekspert tərəf qismində çıxış etməsi məsələsi diqqət mərkəzində olub. Qeyd edilib ki, bu təşəbbüs ölkədə kosmik texnologiyalar üzrə elmi və texniki potensialın sistemli şəkildə gücləndirilməsinə xidmət edə bilər.
Bununla yanaşı, Mərkəzi Asiya və Rəqəmsal Kosmik Akademiya Universitet Şəbəkəsi çərçivəsində ikili diplom proqramlarının tətbiqi və mövcud proqramların sürətləndirilməsi imkanları da müzakirə edilib. Eyni zamanda, İtaliyanın “Grand Sasso Tech” layihəsi çərçivəsində magistratura və doktorantura səviyyəsində iştirak perspektivləri gündəmə gətirilib.
Görüşün yekununda tərəflər kosmik sahədə elmi-tədris əməkdaşlığının genişləndirilməsi, birgə elmi tədqiqat işlərinin aparılması və beynəlxalq layihələrdə daha aktiv iştirak üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıblar.