×

ADNSU
“AZİU Gələcəyin Tədqiqatçıları Proqramına”
qəbul elan edir




Azərbaycan Dövlət Neft və Sənaye Universiteti xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilini başa vurmuş, beynəlxalq akademik və elmi təcrübəyə malik yüksək potensiallı tədqiqatçıları AZİU Gələcəyin Tədqiqatçıları Proqramına müraciət etməyə dəvət edir.



Proqramın məqsədi beynəlxalq akademik təcrübəyə malik yüksəkixtisaslı tədqiqatçıların Universitetə cəlb edilməsi və yeni nəsil tədqiqatçıların inkişafının dəstəklənməsidir.


Kimlər müraciət edə bilər?

  • ADNSU ilə birgə müqavilə əsasında Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almış şəxslər;
  • UFAZ xətti ilə Fransada doktorantura təhsili almış məzunlar;
  • QS World University Rankings və ya Times Higher Education World University Rankings üzrə ilk 200-lükdə yer alan universitetlərdə doktorantura təhsili almış namizədlər.


Təklif olunan əməkhaqqı:

3 000 AZN - Doktorantura proqramını uğurla başa vurduğunu və doktorluq dərəcəsinin verilməsi barədə qərarı təsdiq edən xarici universitetin rəsmi arayış və ya ekvivalent sənədini təqdim edən namizədlər üçün.

3 500 AZN - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq edilmiş fəlsəfə doktoru (PhD) və ya ekvivalent doktorluq dərəcəsini təsdiq edən diplomu təqdim edən namizədlər üçün.


Vəzifə öhdəlikləri:

Proqram çərçivəsində Universitetdə əmək fəaliyyətinə cəlb olunan tədqiqatçı aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • tədris prosesində və elmi-akademik fəaliyyətlərdə iştirak etmək;
  • universitetin prioritet elmi-tədqiqat istiqamətləri üzrə tədqiqat fəaliyyəti həyata keçirmək;
  • milli və beynəlxalq qrant layihələrində, elmi proqramlarda və tədqiqat təşəbbüslərində iştirak etmək;
  • yeni tədqiqat ideyaları, layihələr və elmi əməkdaşlıq təşəbbüsləri irəli sürmək;
  • beynəlxalq universitetlər, elmi-tədqiqat mərkəzləri və akademik şəbəkələrlə əməkdaşlığın inkişafına töhfə vermək;
  • magistrant və doktorantların elmi-tədqiqat fəaliyyətinə elmi-metodiki dəstək göstərmək;
  • seminar, elmi müzakirə, konfrans və digər akademik tədbirlərdə iştirak etmək;
  • fəaliyyət nəticələri üzrə müəyyən edilmiş dövrlərdə hesabatlar təqdim etmək.

Proqram iştirakçılarına təklif olunan imkanlar

Gələcəyin Tədqiqatçıları Proqramının iştirakçılarına akademik və peşəkar inkişaflarını dəstəkləmək məqsədilə aşağıdakı imkanlar təqdim olunur:

Mentorluq dəstəyi

Zərurət yarandıqda proqram iştirakçısına akademik, elmi və peşəkar fəaliyyətinin dəstəklənməsi məqsədilə mentor təyin edilə bilər.

  • ADNSU və ya UFAZ-da çalışan təcrübəli professor-müəllim heyəti;
  • namizədin doktorantura təhsili dövründə elmi rəhbəri və ya elmi məsləhətçisi olmuş xarici universitetin akademik heyəti;
  • namizədin elmi əməkdaşlıq etdiyi xarici universitet və ya tədqiqat mərkəzinin professor və ya tədqiqatçıları.


Seçim prosesi:

Namizədlərin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə dəyərləndirilir.

  • Müdafiə Komissiyasının qiymətləndirmə protokolu
  • elmi nəşrlər və digər ölçülə bilən akademik nəticələr;
  • beynəlxalq və milli layihələrdə iştirak;
  • tədqiqat və inkişaf potensialı;
  • tədris və təqdimat bacarıqları;
  • Universitetin strateji prioritetlərinə uyğunluq;
  • motivasiya və akademik mühitə töhfə vermək potensialı.


Müraciət üçün tələb olunan əsas sənədlər:

  • Elektron CV Forması;
  • PhD diplomu və ya doktorantura proqramının uğurla başa çatdığını təsdiq edən rəsmi sənəd;
  • elmi nəşrlərin siyahısı;
  • dissertasiya mövzusu və qısa tədqiqat xülasəsi;
  • akademik profillər və elmi-metrik göstəricilər barədə məlumat;
  • motivasiya məktubu.


Müraciət üçün son tarix: 27.07.2026

👉Müraciət formu



QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.