Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə “UniLab” layihəsi çərçivəsində növbəti onlayn “Focus Group Discussion” keçirilib.
“Azərgold” QSC, “Azərişıq” ASC, “Ömür” Hospitalı, “Azərbaycan Dəmir Yolları” QSC, CBM Engineering, “Azərenerji”ASC, “Bakı Abadlıq Xidməti” MMC və “Bioloji Təbabət” klinikası kimi ADNSU-nun əməkdaşlıq etdiyi dövlət və özəl müəssisələrin iştirak etdiyi onlayn müzakirədə müəssisələr, onların fəaliyyət istiqamətləri, əməkdaşlıq əlaqələri, həmçinin, müəssisələrin təcrübə imkanları, tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması və eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi mövzulardan danışılıb.
Konfransı giriş sözü ilə açan ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova iştirakçıları salamlayaraq layihənin məqsədi və əsas istiqamətləri haqqında məlumat verib.
ADNSU ilə əməkdaşlıqdan danışan “Azərgold” QSC-nin İnsan Resursları üzrə baş mütəxəssisi Valid Əliyev təcrübə proqramları haqqında təqdimatla çıxış edərək, tələbələrin praktiki vərdişlərə yiyələnməsində universitetlərlə birgə iş aparılmasının vacibliyinə toxunub.
“Azərenerji”ASC-nin İnsan Resurları Departamentinin mütəxəssisi Turan Bədəlov tələbələrin təcrübə proqramlarına cəlb edilməsi üçün universitetlə mövcud müqavilədən söz açıb, həmçinin məzunlara yaradılan yeni iş imkanlarından danışıb.
Azərbaycan Dəmir Yolları QSC-nin Karyera İdarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Dilbər Xəlilova təcrübə proqramları haqqında təqdimatla çıxış edərək, əsas məqəsədin gəncləri iş prosesində yeni texnologiyalarla tanış etmək, elmi-tədqiqata cəlb etmək və digər kommunikativ vərdişlər aşılamaq olduğunu bildirib.
Digər şirkət nümayəndələri də çıxışlarında universitetlərlə mövcud əməkdaşlıqdan, təcrübə ilə bağlı birgə iş aparılmasının vacibliyindən danışıb, həmçinin müasir əmək bazarının tələblərindən, eləcəd də tələbə və məzunlar üçün yaradılan təcrübə və iş imkanları haqqında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın 1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada - ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.