Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədqiqatçı müəllimi Dr. Dünya Babanlı və Elnur Oruclu qabaqcıl materialşünaslıq sahəsində mühüm elmi nailiyyət əldə ediblər. Azərbaycan-Fransız Universiteti (UFAZ) və ADNSU-nun, Strasburq Universiteti (UNISTRA) və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) ilə ortaq əməkdaşlığı çərçivəsində çalışan doktorantı Fuad Səfərov və UFAZ-ın məzunu Ləman Mahmudova ilə birgə apardıqları tədqiqat nəticəsində kvant hesablama və spintronika sahələrində perspektivə malik yeni maqnit materiallar sintez olunub və öyrənilib.
Tədqiqat qrupu GeSb₄Te₇–MnSb₄Te₇ sistemi üzərində işləyərək Mn₀.₅Ge₀.₅Sb₄Te₇ birləşməsinin maqnit xüsusiyyətlərini tədqiq edib. Tədqiqatın əsas hərəkətverici qüvvəsi elmə məlum olan GeSb₄Te₇ və MnSb₄Te₇ birləşmələrinin maraqlı superkeçiricilik xüsusiyyətləri, eləcə də MnSb₄Te₇-nin antiferromaqnit xarakteri olmuşdur. Tədqiqatın ilkin mərhələsində 50 mol% MnSb₄Te₇ tərkibli nümunə SQUID maqnitometriyası üçün seçilib və bu ölçmələr nəticəsində 14.4 K və 3.6 K temperaturda müvafiq olaraq paramaqnitdən ferrimaqnitə və ferrimaqnitdən ferromaqnitə iki maqnit keçid müşahidə edilib.
Nəticədə, təmiz MnSb₄Te₇ birləşməsinə nisbətdə həm effektiv, həm də saturasiya maqnit momentləri əhəmiyyətli dərəcədə azalıb. Bunun səbəbi Ge ionlarının yaratdığı maqnit seyrəlməsi və Sb mövqelərində mövcud olan Mn ionlarının laylardaxili antiferromaqnit qarşılıqlı təsirləri ilə əlaqələndirilir.
Bununla yanaşı, Dr. Dünya Babanlı 13-17 oktyabr tarixlərində elmi əməkdaşlıqların daha da gücləndirilməsi məqsədilə Fransanın Strasburq şəhərinə elmi səfər edib.