×

Xəbərlər

Xəbərlər 23 Oct 2025
ADNSU-da “IDEALISE” inkubasiya proqramının ilk təlimi keçirilib

21 oktyabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE” İnkubasiya Proqramının ilk təlimi baş tutub. “Sahibkar düşüncə tərzi” mövzusuna həsr olunmuş sessiya Yüksək Texnologiyalar Parkının texnologiya transferi .öbəsinin baş mütəxəssisi, “Bucard” startapının təsisçisi və məhsul sahibi Ramin Əkbərov tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara “startap” anlayışı, startaplarla korporasiyalar arasındakı əsas fərqlər, ideya formalaşdırma mərhələləri, ideya mənbələrinin müəyyənləşdirilməsi (bazar boşluqları, trendlər, modifikasiya yanaşması) kimi mövzular ətraflı təqdim olunub. Eyni zamanda, iştirakçılar yaradıcı düşünmə alətlərindən biri olan “SCAMPER” metodunun tətbiqi ilə də tanış olublar. Sessiyanın sonunda iştirakçılar ilkin biznes ideyalarını formalaşdıraraq sahibkarlıq düşüncə tərzinin əsas prinsiplərini mənimsəyiblər.

Qeyd edək ki, “IDEALISE” inkubasiya proqramı çərçivəsində növbəti təlimlər gənc innovatorların sahibkarlıq bacarıqlarının inkişafına, komanda quruculuğuna və ideyaların prototip mərhələsinə qədər çatdırılmasına yönəldiləcək.


Paylaş