×

Xəbərlər

Xəbərlər 25 Oct 2025
ADNSU-da “Səmərəli və innovativ təşkilati strukturun qurulması” mövzusunda təlim keçirilib

Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) öyrənmək, inkişaf etmək və paylaşmaq mədəniyyətinin təşviqi məqsədilə İnsan Resursları Departamentinin Təlim, İnkişaf və Fəaliyyətin Qiymətləndirilməsi şöbəsinin təşəbbüsü ilə AZİ Akademiya fəaliyyətə başlayıb.

Akademiyanın ilk təlimi universitetin rektoru, dosent Rüfət Əzizov tərəfindən aparılıb və “Səmərəli və innovativ təşkilati strukturun qurulması” mövzusuna həsr olunub.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında dinamik iş müühitində səmərəliliyin artırılması, təşkilati idarəetmədə innovativ yanaşmaların və komanda əməkdaşlığının vacibliyini vurğulayıb. Sürətlə dəyişən və rəqabətli mühitdə uğur qazanmağın yollarından və korporativ mühitdə inkişaf etməyin vacibliyindən danışan dosent Rüfət Əzizov uğuru qorumaq üçün təkcə mövcud nailiyyətlərlə kifayətlənməyin mümkün olmadığını qeyd edib.

Rektor vurğulayıb ki, müasir liderlər eyni zamanda iki istiqamətdə düşünməyi bacarmalıdırlar — bir tərəfdən mövcud, formalaşmış iş mühitinin sabitliyini və səmərəliliyini təmin etməli, digər tərəfdən isə gələcək üçün yeni imkanları, mühiti və innovativ modelləri axtarmalıdırlar.

O qeyd edib ki, məhz bu ikitərəfli yanaşma — həm idarə etmək, həm də araşdırmaq bacarığı —müəssisələrin uzunmüddətli inkişafının və davamlı uğurunun əsas açarıdır.

Təlimdə universitet strukturlarında səmərəliliyin artırılması, çevik idarəetmənin tətbiqi və müasir yanaşmaların əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.

Təlim iki hissədən ibarət olub: birinci hissə nəzəri biliklərə, ikinci hissə isə interaktiv müzakirələr və təcrübə mübadiləsinə həsr edilib. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, AZİ Akademiyanın növbəti təlimlərinin də universitetdə idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi, liderlik bacarıqlarının inkişafı və əməkdaşların peşəkar potensialının artırılmasına xidmət edəcəyi nəzərdə tutulur.


Paylaş