Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda təlim-seminar keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlının, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi seminarda Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti, təhsil üzrə mütəxəssis Asif Cahangirov geniş təqdimatla çıxış edib.
Tədbirdə rektor, professor Mustafa Babanlı öncə tanınmış təhsil bilicisi Asif Cahangirov haqqında iştirakçılara məlumat verib, onun ölkəmizdə təhsil sahəsində göstərdiyi xidmətlərdən, əldə etdiyi uğurlardan və təhsilə verdiyi töhfələrdən danışıb. Bildirib ki, A.Cahangirovun seminarları, mühazirələri dünyanın ayrı-ayrı ölkələrində də təhsil ictimaiyyəti tərəfindən dinlənilir, yüksək maraqla qarşılanılır, nümunə göstərilir.
Böyük auditoriya qarşısında geniş təqdimatla çıxış edən təhsil üzrə mütəxəssis Asif Cahangirov ilk növbədə öz təcrübəsini iştirakçılarla bölüşüb. Sonra o “Ali təhsilin uğuru üçün mühüm təməl: auditoriyada müasir məşğələlər” mövzusunda geniş təqdimatla çıxış edib. 3 hissədən ibarətən olan mövzuda müasir dövrdə ali təhsillə bağlı bir çox vacib məqamlara toxunulub. Müasir çağırışlara və imkanlara uyğun olaraq təhsil və tədrisin təşkili, təhsil proqramlarının və layihələrin icra mexanizmi və hazırlıqlı mütəxəssislər yetişdirmək üçün təhsil müəssisələri və müəllimlər tərəfindən daimi diqqətdə saxlanılan və inkişafı vacib olan məqamlardan söz açılıb. Tanınmış təhsil mütəxəssisi təqdimatda həmçinin müəllimlər üçün zəruri olan peşəkarlıq və səriştəlilik məsələlərinə toxunaraq pedaqoji fəaliyyətdə bu meyarların müəllimi əsl yaradıcı, novator və peşəkar kimi xarakterizə edən əsas keyfiyyətlərdən olduğunu bildirib. Təlim-seminarda keyfiyyətli və qabaqcıl təhsil və tədrisin təşkili üçün vacib olan əsas məqamlar, həmçinin çatışmazlıqlardan da bəhs olunub, ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin müasir çarışlara uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin çevik qurulması, tədris proqramlarının idarə olunması ilə bağlı məsələlərdən bəhs olunub.
Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan seminar sual-cavabla davam edib. ADNSU-nun peşəkar müəllim heyəti və gənc mütəxəssisləri tanınmış təhsil bilicisinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Qarşılıqlı diskussiya formatında keçirilən seminarda irad və təkliflər səsləndirilib, yeni yanaşmalar, müasir hədəflər müzakirə olunub.