Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının professor-müəllim heyətinin üzvləri Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalat qurğularında təşkil olunan sənaye təcrübə proqramında iştirak ediblər.
Proqram çərçivəsində zavod direktorunun müşaviri Zaur Qurbanov müəllimlərə müəssisə barədə ümumi məlumat verib, daha sonra onları zavod ərazisində yerləşən istehsalat qurğuları ilə tanış edib.
Zaur Qurbanov qeyd edib ki, son illərdə zavodda istehsal olunan neft məhsullarının Avro-5 standartlarına uyğunluğunu təmin etmək məqsədilə yeni qurğular yaradılıb. Bu qurğuların yüksək keyfiyyətli məhsulların istehsalında rolu əvəzsizdir.
Tədris heyətinin üzvləri həmçinin, yeni fəaliyyətə başlamış qurğuların idarəetmə mərkəzində olublar. Burada onlara dizelin hidrotəmizlənməsi, aminin regenerasiyası, hidrogen istehsalı, kükürdün bərpası, naftanın ayrılması, aşağı oktanlı yüngül nafta fraksiyasının katalitik izomerləşməsi, turş suların ayrılması, benzinin hidrotəmizlənməsi, buxar istehsalı və yenilənmiş məşəl qurğusu barədə ətraflı məlumat verilib.
Universitet əməkdaşları sənaye təcrübə proqramı çərçivəsində həmçinin neftin ilkin emalı, katalitik krekinq, katalitik riforminq və tədrici kokslaşma qurğularında da olublar. Burada onlara yaradılmış idarəetmə sistemi, müasir tələblərə cavab verən texniki təhlükəsizlik mexanizmləri və SƏTƏM (sənaye təhlükəsizliyi, əmək mühafizəsi və ətraf mühitin mühafizəsi) tədbirləri barədə geniş məlumat təqdim edilib.
Sonda Zaur Qurbanov bildirib ki, proseslərin təhlükəsiz idarə olunması və SƏTƏM qaydalarına ciddi riayət edilməklə Avropa standartlarına uyğun yüksək keyfiyyətli neft məhsullarının istehsalı zavod kollektivinin fəaliyyətində əsas prioritetdir.
Kafedra müdiri, professor Sakit Rəsulov yaradılan şəraitə və göstərilən diqqətə görə zavod rəhbərliyinə və onları müşayiət edən əməkdaşlara minnətdarlığını bildirib.