×

Xəbərlər

Xəbərlər 27 Oct 2025
ADNSU tələbələri “Azərtexnolayn” şirkətinə ekskursiyada olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “Azərtexnolayn” şirkətində ekskursiyada olublar. Tələbələrin müəssisəyə ekskursiyasına rektorun Sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova rəhbərlik edib.

Ekskursiyada Neft-Mexanika fakültəsinin Sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Səfərin məqsədi tələbələrin istehsalat müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olması, istehsal prosesi, texnoloji avadanlıqlar və müasir sənaye standartları haqqında praktiki biliklər əldə etmələrinə şərait yaratmaq olub.

Tələbələrə şirkətin istehsal sahələri, texnoloji xətti və məhsul çeşidləri barədə ətraflı məlumat verilib. “Azərtexnolayn” nümayəndələri müəssisənin fəaliyyəti, ixrac potensialı və tətbiq olunan innovativ yanaşmalar barədə təqdimatla çıxış ediblər.

Ekskursiyanın sonunda tələbələr belə səfərlərin gələcək ixtisas hazırlıqlarında mühüm rol oynadığını qeyd ediblər və yaradılan şərait üçün universitet rəhbərliyinə və “Azərtexnolayn” şirkətinə təşəkkürlərini bildiriblər.


Paylaş