Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “British Council” tərəfindən təşkil olunan "Going Global Partnership" proqramı çərçivəsində “Transmilli Təhsil Dialoqu” adlı tədbirdə iştriak edib.
Transmilli Təhsilin (TT) inkişafına təkan vermək, tədqiqat, innovasiya və texnologiya transferi sahəsində ən yaxşı təcrübələri bölüşmək və Azərbaycanda ali təhsilin gələcəyi üçün əməkdaşlıq perspektivlərini araşdırmaq məqsədi daşıyan bu tədbirdə nəinki Azərbaycan və Böyük Britaniyadan, həmçinin digər xarici ölkələrdən olan nüfuzlu nümayəndələr və ekspertlər iştirak edib.
Qeyd etmək lazımdır ki, ölkəmizdə mövcud Transmilli Təhsil səviyyəsini tədqiq etmək və bununla bağlı imkanları, maneələri araşdırmaq üçün British Council 2024-cü ildən etibarən tədqiqat yürütməyə başlayıb. Bu tədqiqat universitetlərin fəaliyyətini qiymətləndirmək sahəsində geniş təcrübəyə malik qlobal təhsil şirkəti “Times Higher Education” (THE) ilə əməkdaşlıq çərçivəsində aparılıb. “British Council”in Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva sözügedən tədqiqatın məqsədinin regional və lokal Transmilli Təhsil ənənələri ilə yanaşı, müasir tendensiyaları işıqlandırmaq, universitet və dövlətlərin beynəlmiləlləşmə siyasətini təşviq etmək olduğunu dinləyicilərin nəzərinə çatdırıb. Keçən il başlanmış sözügedən tədqiqatın yekunları və araşdırmanın nəticələri Transmilli Təhsil Dialoqunda “British Council”in Qlobal Tədqiqat Şöbəsinin meneceri Nilgün Yalçın tərəfindən geniş auditoriyaya təqdim olunub.
Azərbaycan və Böyük Britaniya arasında Transmilli Təhsilin inkişafına dəstək olaraq tədbir zamanı Özbəkistan və Azərbaycanın bu sahədə təcrübələri də təqdim olunub.
Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023/2024 tədris ilindən etibarən ADNSU ilə Böyük Britaniyanın “Warwick” Universiteti arasında "Bərpa olunan enerji mənbələri" ixtisaslaşması üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq İkili Diplom Proqramının (İDP) Azərbaycanda Transmilli Təhsilin inkişafında aparıcı rolunu nümayiş etdirən təqdimatla çıxış edib. Vorvik Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Transmilli Təhsil mənzərəsinə özünəməxsus rəng qatan sözügedən Proqramın həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət etdiyini vurğulayan rektor tələbələrin tədris boyu həm akademik uğurlarının, həm də məşğulluq səviyyəsinin yüksəldiyini, eləcə də qəbul illəri arasında gender nisbətinin qadınların xeyrinə dəyişməkdə olduğunu qeyd edib.
Rektor Böyük Britaniyanın ATM-ləri içində ilk onluqda qərarlaşan və QS 2025-ci il reytinqinə görə dünyada 69-cu sırada yer tutan Vorvik Universiteti ilə ölkəmizin bir əsrdən çox tarixə və enerji texnologiyaları sahəsində zəngin təcrübəyə malik təhsil ocağı olan ADNSU ilə əməkdaşlığının təsadüfi olmadığını vurğulayaraq birgə hədəflər və qarşılıqlı etimad şəraitində sözügedən tərəfdaşlığın Azərbaycanın Transmilli Təhsil mənzərəsində numunəvi guşədə dayandığını bildirib.
Bundan sonra İkili Diplom Proqramının xarici tərəfdaşı olan Vorvik Universitetinin “WMG” departamentinin strateji inkişaf direktoru, həm də İDP-nin əcnəbi Rəhbər Komitə üzvü olan Gareth Roberts Proqramın innovativ kurikulumunu, eləcədə də hədəflər və bu günə qədər görülmüş işləri xülasə edən təqdimatla çıxış edib. Proqramın icrası çərçivəsində hər iki tərəfdaş ATM-in tədris prosesindəki fərqliliklərin, həmçinin çətinliklərin sözügedən layihənin tətbiqinə nəinki xələl gətirmədiyini, Proqramın icrası istiqamətində görülən işlərə fayda verdiyini bu sözlərlə ifadə edib: “Davamlı etimad olmadan belə böyük əməkdaşlıq reallaşa bilməzdi”. Beləliklə, öz məruzəsinə yekun vuran “WMG” nümayəndəsi öz növbəsində qarşılıqlı hörmət və etimadın sözügedən İkili Diplom Proqramının uğurlu fəaliyyətinin əsasını təşkil etdiyini və bu kimi əməkdaşlıqların genişləndirilməsinin Vorvik Universiteti tərəfindən də önəmli hesab edildiyini auditoriyanın diqqətinə çatdırıb.
Dinamik sual-cavab sessiyası ilə davam edən tədbir təhsil sahəsində qlobal tərəfdaşlığın inkişafı və Transmilli Təhsil təşəbbüslərinin gələcək istiqamətləri barədə müzakirələr üçün tərtib olunan şəbəkələşmə hissəsi ilə yekunlaşıb.