Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elm Mərkəzinin elan etdiyi “Universitet qrantı” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qalibləri təbrik edib, bu müsabiqənin təkcə universitet üçün deyil, ümumilikdə Azərbaycan elminin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib. Müsabiqənin məqsədinin universitetdə aparılan innovativ xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, yaradıcı elm kollektivlərinin elmi fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədlərinə xidmət etdiyini deyən rektor Mustafa Babanlı bu layihənin gələcəkdə də davam etdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, aparılmış elmi ekspertizanın nəticələrinə və univerisitetin Elmi Şurasında keçirilmiş müzakirələrə əsasən təqdim olunmuş 21 layihədən 6-sı qalib seçilib.
“Neftin, qazın nəqli və saxlanması” və “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının "Mono və multifazalı axınların xüsusiyyətlərinin modelləşdirilməsi əsasında boru kəmərlərinin istismar səmərəliliyinin artırılması", “Neft qaz avadanlığı” kafedrasının “Yüksək təzyiq altında aqressiv mühit şəraitində işləyən düzaxınlı siyirtmə konstruksiyasınln işlənməsinin elmi əsasları”, “Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiası” kafedrasının “Korroziyaya qarşı örtük kompozisiyası”, Doktorantura şöbəsi və “Faydalı qazıntı yataqlarının süxurlarının fiziki xassələri” ETL-in “Azərbaycanın karbohidrogen yataqlarında laydaxili və laylar arası, eləcə də neft-ana qatları ilə miqrasiya-axın sahələrinin modelləşdirməsi”, “Nanomateriallar və nanotexnologiyalar” ETL-in “Maqnetik funksional materialların işlənməsi” və “Energetikanın problemləri” ETL-in “Alternativ enerji mənbələri əsasında ADNSU-nun tədris və inzibati binalarında hibrid enerji təchizatı sisteminin işlənməsi” mövzuları “Universitet qrantı” müsabiqəsinin qalibi olub.
Qrant münsabiqəsində qalib gəlmiş layihələrin icra müddəti 1 il, hər bir qrantın məbləği isə 50 min manatadəkdir. Layihələrin icrasına 2019-cu il yanvar ayından etibarən başlanacaq. Layihələrin maliyyələşdirilməsi tranşlar üzrə dörd mərhələdə, görülən işlərin montironiqinin nəticələri əsasında aparılacaq. Sonuncu tranş layihə tam şəkildə hazır olduqdan və təhvil verildikdən sonra layihə müəlliflərinə təqdim olunacaq.