Hörmətli abituriyentlər və valideynlər!
Bildiririk ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin elektron qeydiyyatı 28 avqust 2026-cı il tarixindən başlayır.
Abituriyentlər 28 avqust – 8 sentyabr 2026-cı il, saat 18:00-dək qəbul olunduqları təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün ilk olaraq my.gov.az portalında mygov ID (vahid giriş sistemi) vasitəsilə şəxsi kabinetə daxil olmaq, daha sonra “Xidmətlər” → “Qurumlar” → “Elm və Təhsil Nazirliyi” bölməsindən “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat zamanı mobil nömrə və e-mail ünvanının aktiv və işlək vəziyyətdə olması vacibdir. Əlaqənin operativ təmin edilməsi məqsədilə mümkün qədər abituriyentin öz mobil nömrəsinin qeyd olunması tövsiyə edilir. Valideynə aid əlaqə nömrəsi üçün ayrıca bölmə nəzərdə tutulduğu halda, həmin məlumatların da düzgün daxil edilməsi zəruridir.
Vacib qeyd: Hazırlıq mərhələsində yalnız portal.edu.az sistemində tələb olunan sənədlərin təqdim edilməsi kifayətdir. Portalda tələb olunmayan əlavə sənədlərin əvvəlcədən hazırlanmasına və universitetə fiziki formada gətirilməsinə ehtiyac yoxdur. Xüsusilə bu mərhələdə sağlamlıq haqqında arayışın və digər əlavə sənədlərin hazırlanması tələb olunmur.
Müəyyən edilmiş müddətdə elektron qeydiyyatdan keçməyən abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Abituriyentlərdən qeydiyyat prosesini son günə saxlamadan vaxtında və diqqətlə həyata keçirmələri xahiş olunur.
Hər birinizə uğurlar arzulayırıq!