Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznes məktəbi beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıb. Belə ki, ADNSU Biznes Məktəbi ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Boğaziçi Universitetinin İdarəetmə bölməsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanma mərasimində Boğaziçi Universitetinin prorektoru, professor Fazıl Önder Sönmez, İdarəetmə Bölməsinin rəhbəri, professor Neslihan Yılmaz və ADNSU Biznes Məktəbini təmsil edən Aytən Şahmarova iştirak ediblər.
İmzalanmış memorandum biznes və idarəetmə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini, MBA proqramlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsini, birgə akademik və elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur. Sənəd, həmçinin professor-müəllim heyəti və tələbələr arasında əməkdaşlığın gücləndirilməsini, beynəlxalq akademik tədbirlərin təşkilini əhatə edir.