×

Xəbərlər

Xəbərlər 03 Nov 2026
ADNSU alimlərinin həmmüəllifi olduqları elmi məqalə beynəlxalq səviyyəli “Energies” jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları və doktorantının həmmüəllifi olduqları “Core-Scale Experimental Evaluation of Low-Salinity Waterflooding, AOS Surfactant Flooding and N₂-WAG for Controlling Capillary Hysteresis and Enhancing Oil Displacement in Porous Media” adlı elmi məqalə beynəlxalq elmi jurnalda dərc olunub.

Məqalə “Energies” jurnalının 19-cu cildinin 21-ci sayında nəşr edilib. Tədqiqatın müəllifləri ADNSU-nun Yer elmləri və Neft mühəndisliyi fakültəsinin “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, dosent İnqlab Əliyev, həmin kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Nərgiz Axundova və ADNSU-nun doktorantı Bayram Qasımovdur.

Tədqiqatda qumdaşı süxurlarında məsamələrdə qalan neftin miqdarını azaltmaq və neftçıxarma əmsalını artırmaq məqsədilə müxtəlif sıxışdırma üsulları laboratoriya şəraitində müqayisəli şəkildə araşdırılıb. Bu çərçivədə suyun duzluluğunun azaldılmasının, AOS səthi-aktiv maddəsinin tətbiqinin, eləcə də su və azot qazının növbəli vurulmasının (N₂-WAG) neftin sıxışdırılmasına təsiri qiymətləndirilib.

Laboratoriya sınaqlarının nəticələrinə əsasən, yüksək duzluluqlu su ilə sıxışdırma zamanı ilkin neft ehtiyatının orta hesabla 53,15 faizi, 7600 ppm duzluluğa malik su ilə 61,31 faizi, AOS məhlulu ilə 69,30 faizi, su və azot qazının növbəli vurulması (N₂-WAG) üsulu ilə isə 73,06 faizi çıxarılıb.

Araşdırma zamanı müəyyən edilib ki, suyun duzluluğunun həddindən artıq azaldılması süxurun şişməsinə və xırda hissəciklərin miqrasiyasına səbəb ola bilər. Bu proseslər süxurun keçiriciliyinə mənfi təsir göstərərək neftçıxarma göstəricilərinin azalmasına gətirib çıxarır.

Tədqiqatın nəticələri göstərir ki, sınaqdan keçirilən üsullar arasında ən yüksək neftçıxarma göstəricisi N₂-WAG texnologiyası ilə əldə olunub. Su ilə sıxışdırma üsulları arasında isə ən yaxşı nəticəni 7600 ppm duzluluğa malik su təmin edib. Qeyd etmək lazımdır ki, əldə olunan nəticələr ayrı-ayrı kern nümunələri üzərində aparılmış laboratoriya sınaqlarının müqayisəsinə əsaslanır.


Paylaş