Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 3-4 mart 2020-ci il tarixlərində Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin Moskvaya baş tutan səfəri çərçivəsində D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin rektoru, professor Aleksandr Majuqa ilə iki ali məktəb arasında əməkdaşlığa dair saziş imzalayıb.
Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri 2019-cu il noyabrın 20-25-də RF-yə rəsmi səfəri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunan innovasiya, rəqəmsal iqtisadiyyat və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə sazişlərin icrası çərçivəsində gerçəkləşdirilib. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin ölkəmiz tərəfindən həmsədri olduğu ekspert işçi qrupunun tərkibinə ADNSU-nun rektoru, professor M.Babanlı ilə yanaşı, ATU və AzMİU-nun rektorları Vilayət Vəliyev və Gülçöhrə Məmmədova, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi ekspertiza və monitorinq şöbələrinin rəhbərləri Məmməd Balacanov və Tural Orucov daxil idi.
Martın 3-də nümayəndə heyəti ilk olaraq “Skolkovo” İnnovasiya Mərkəzində olub. Burada mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub, Rusiya tərəfinin Azərbaycanda yaradılacaq texnoparkın fəaliyyətinin təşkil olunmasına köməklik göstərməyə hazırlığı ifadə edilib. Skolkovo Elm və Texnologiya Universitetində keçirilən görüşdə ikili diplom proqramları və birgə tədiqaqatların aparılması görüşün əsas mövzuları olub.
D.İ.Mendeleyev adına Rusiya Kimya Texnologiyası Universitetində görüş zamanı universitetin rektoru, professor Aleksandr Majuqa Azərbaycan universitetləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Azərbaycan nümayəndə heyətinin üzvləri təmsil etdikləri qurumlar haqqında məlumat verdikdən sonra tərəflər ikili proqramlar, birgə tədqiqatlar,”Долина Менделеева” innovasiya mərkəzi çərçivəsində əməkdaşlıın qarşılıqlı maraq doğurduğunu ifadə ediblər. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin Kimya-texnologiya fakültəsinin yetirmələrinin respublikada və dünya kimya elminə verdiyi töhfə, fakültənin yüksək standartlara cavab verən laboratoriya imkanları, kimya üzrə ixtisasların Avropada akkreditasiyadan keçməsi istiqamətində işlərin tamamlanmaq üzrə olduğunu, kimya-texnologiya ilə İT-nin imkanlarının sintezi edilməsi ilə bağlı fəaliyyətin aparıldığı, innovativ ideyaları olan tələbələrin ali məktəbin nəzdindəki “eazi START” Startap və İnnovasiya Mərkəzində startap layihələr üzərində işlədiklərini və həmin işlərdən bəzilərinin beynəlxalq müsabiqələrdə uğur qazandığını diqqətə çatdırıb. M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rəyasət Heyətinin üzvü Viktor Sadovniçi Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüşdə MDU ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirəm olunub. MDU-nun prorektoru, “Vorobyovı qorı” Elmi-Texnoloji İnnovasiya Mərkəzinin baş direktoru Viktor Vaypan Rusiyada buna bənzər mərkəzlərin fəaliyyətinin hüquqi nizamlanması barədə məlumat verib.
İşgüzar səfərin zəngin proqramında “Kalibr” Texnoloji Parkını ziyarət də yer alıb.
Səfər birgə işçi qrupun iclası ilə başa çatıb. İclasa Rusiya tərəfdən İqtisadi İnkişaf nazirinin müavini Oksana Tarasenko rəhbərlik edib. Toplantıda Azərbaycan Respublikasında Elmi-Texnoloji İnnovasiya Mərkəzinin yaradılması, Rusiya ETİM-ləri ilə aparıcı Azərbaycan universitetləri arasında əməkdaşlığın qurulması, birgə vençur fondunun yaradılması və s. məsələlər müzakirə olunub. Görüş çərçivəsində ADNSU ilə İ.Mendeleyev adına Rusiya Kimya Texnologiyası Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. İclas iştirakçıları Moskada keçirilmiş görüşlərin nəticəsi olaraq təkliflərin hazırlanmasına dair razılıq əldə ediblər.