Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika kollecində “ENERGY FEST 2026 – Tələbələrin İnnovativ Layihələri Festivalı” keçirilib.
Festivalın əsas məqsədi tələbələrin innovativ potensialını üzə çıxarmaq, nəzəri biliklərini praktik layihələrə çevirmələrinə şərait yaratmaq, enerji sahəsində müasir texnologiyalara marağı artırmaq və gənclərin yaradıcı təşəbbüslərini dəstəkləmək olub.
Festivalın rəsmi açılış mərasimində Bakı Neft-Energetika Kollecinin rəhbərliyinin nümayəndəsi Zümrüd Vəliyeva, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev, həmin Agentliyin Dövlət qulluğu, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Zibeydə Süleymanlı, ADNSU-nun Startap və Texnologiyaların Transferi Ofisinin şöbə müdiri Əhməd Əhmədzadə, ADNSU-nun Energetika kafedrasının dekanı Aydın Əliyev, Elektrik və elektrik mühəndisliyi üzrə təlim mərkəzinin direktoru Natiq Həmidov və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəbrayev çıxış ediblər.
Çıxışlarda enerji sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, gənclərin yaradıcı potensialının dəstəklənməsi və təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Festival çərçivəsində 16 tələbə komandası enerji səmərəliliyi, ağıllı texnologiyalar, elektrik mühəndisliyi və müasir texnoloji həllər istiqamətində hazırladıqları innovativ layihələri təqdim edib. Tələbələr öz ideyalarını və hazırladıqları texnoloji həlləri nümayiş etdirərək nəzəri biliklərini praktikada tətbiq etmək bacarıqlarını göstəriblər.
Festivalın davamında “Energetikanın gələcəyi: texnologiyalar, peşə bacarıqları və dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin bədii hissəsində Bakı Neft-Energetika Kollecinin və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin istedadlı tələbələri musiqi proqramı ilə çıxış edərək festivala xüsusi rəng qatıblar.
Festival çərçivəsində tələbə komandalarının təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib. Layihələrin innovativliyi, praktiki əhəmiyyəti və tətbiq imkanları nəzərə alınaraq fərqlənən komandalar mükafatlandırılıb.