×

Xəbərlər

Xəbərlər 24 Oct 2026
ADNSU Beynəlxalq Təhsil Sərgisində iştirakını Daşkənddə davam etdirib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 22-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) iştirak edib. Daşkənd dörd ölkənin beş şəhərini əhatə edən sərgi turunun dördüncü dayanacağı olub.
Sərgidə ADNSU-nun stendi çoxsaylı ziyarətçilərin marağına səbəb olub. Azərbaycanda təhsil almaq istəyən gənclərə universitetin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə proqramları, ingilis dilində təhsil imkanları və əcnəbi tələbələrin qəbulu barədə ətraflı məlumat verilib.
Universitet nümayəndələri ziyarətçilərin ixtisas seçimi, qəbul şərtləri, müraciət qaydaları və tələbə mübadiləsi proqramları ilə bağlı suallarını cavablandırıblar. Görüşlər zamanı ADNSU-nun akademik mühiti, beynəlxalq əməkdaşlıqları, elmi-tədqiqat imkanları və Bakıda tələbə həyatı da təqdim olunub.
Tədbirdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Builki sərgi turunda 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edir. Təşkilatçıların məlumatına görə, tur çərçivəsində keçirilən sərgilərə qatılmaq üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib.
Qeyd edək ki, 2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisinin builki payız turu Astana, Almatı, Bişkek və Daşkənd şəhərlərini əhatə edib. Turun növbəti və sonuncu dayanacağı Bakı olacaq. Yekun sərgi oktyabrın 24-də Azərbaycanın paytaxtında keçiriləcək.


Paylaş