Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Neft və qaz hasilatı prosesləri” mövzusunda təlim təşkil olunub.
Təlimin spikeri bu sahədə təcrübəli mütəxəssis Murad Cəfərov olub. Murad Cəfərov Türkiyənin İstanbul Texniki Universitetinin məzunudur. O, hazırda özəl neft şirkətində aparıcı proses mühəndisi vəzifəsində çalışır, eyni zamanda Velocis Solutions şirkətində Proses mühəndisliyi üzrə təlimçi kimi fəaliyyət göstərir. Neft-qaz sənayesində 17 illik peşəkar təcrübəyə malik olan Murad Cəfərov ABŞ-ın Professional Engineer (PE) peşəkar sertifikatına sahibdir.
Təlim zamanı neft-qaz istehsalatı proseslərinin əsas mərhələləri, bu proseslərdə istifadə olunan texnoloji avadanlıqların iş prinsipləri və onların istehsalatda tətbiqi barədə ətraflı məlumat təqdim olunub. Xüsusilə separatorların, nasosların, kompressorların və idarəetmə qurğularının funksiyaları, iş prinsipləri və istehsalat proseslərində rolu izah edilib.
Təlimin əsas məqsədi iştirakçıların neft-qaz sənayesi üzrə nəzəri biliklərinin dərinləşdirilməsi, texnoloji proseslər və istehsalat avadanlıqları haqqında məlumatlılıqlarının artırılması, eləcə də onların peşəkar inkişafına töhfə vermək olub.