×

Xəbərlər

Xəbərlər 08 Jul 2020
UFAZ-da ilk Məzun Günü onlayn formatda keçirilib

İyulun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk "Məzun Günü" keçirilib.  

“Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbir paralel olaraq Facebook sosial şəbəkəsində canlı yayımlanmışdır. Tədbirdə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru İrini Tsamadu Jakoberger, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əskərov, baş katib Şarlot Payen, yerli və xarici müəllim heyəti, məzunlar, tələbələr və əməkdaşlar iştirak edib. 

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov:

“Altı il fransız həmkarlarımızla birgə səylərin ilk bəhrəsini əldə etmək üçün kifayət qədər uzun müddət kimi görünə bilər, lakin bu əməkdaşlığın təsiri uzunmüddətli olacaqdır. Bu uzun müddətdə həm Fransa və Azərbaycan arasındakı əlaəqləri inkişaf etdirəcək, həm də Azərbaycanda insan kapitalının inkişafına töhvə verəcəkdir. Bu gün fəxrlə deyə bilərəm ki, UFAZ Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərdə uğur hekayəsinə çevrilə bildi.”

Fransanın Azərbaycandakı səfiri Zakari Qros:

 “Bütün UFAZ tələbələrini məzun olmaları münasibətilə ürəkdən təbrik edirəm. Məzunların göstərdiyi yüksək nəticələrə görə çox şadam. Bu, sizin təhsilinizə verdiyiniz səyin göstəricisidir və siz bu nəticələrlə fəxr etməlisiniz. Arzu edirəm ki, aranızdan bir neçə tələbə məzunlar birliyini yaratmaq fikrinə və enerjisinə sahib olaraq Fransa səfirliyinin bütün məzunlarla təmasda olmağına imkan yaratsın.  Ümid edirəm ki, biz tədricən Fransa-Azərbaycan tədqiqatçılarının, işçilərinin, mühəndis və alimlərinin böyüyən cəmiyyətini təşkil edə biləcəyik "

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev:

UFAZ strateji tərəfdaşlığımızın çox vacib və güclü simvoludur. Hazırda standartların Avropa standartlarına inteqrasiyası və uyğunlaşdırılması prosesindəyik və bu universitet Avropanın, xüsusən də Fransanın yüksək təhsil standartlarının təhsil peşə qabiliyyətlərimizin yaxşılaşdırılmasına necə töhfə verə biləcəyinin bir nümunəsidir.”

ADNSU-nun rektoru, professor Mustafa Babanlı:

“Bu il 100 illik yubileyini qeyd edən ADNSU üçün UFAZ-ın buraxılışına şahid olmaq qürurvericidir.  UFAZ öz tələbələrini verdiyi elmi bilik və peşə bacarıqlarından əlavə, həm də həyata hazırlayır. Yalnız UFAZ tələbələrini deyil, bütün kollektivi, müəllim heyətini və həmkarlarımı bu münasibətlə təbrik edirəm.”

Strasburq Universitetinin xarici əlaqələr üzrə prorektoru xanım İrini Tsamadu Jakoberger:

Bu tədbir sizin həyatınızda çox mühüm bir hadisədir. Bu sizin əzmkarlığınızın, səylərinizin, uğurlarınızın təntənəsi və gələcəyinizə açılan bir pəncərədir. Bu tədbir həm də sizin Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə həyata keçirilən iddialı bir layihənin uğurunu təcəssüm etdirmənizə bir nümunədir. Bu layihə hər iki tərəfin ciddi səyi nəticəsində baş tutmuş vacib bir nailiyyətdir.

UFAZ-ın baş katibi Şarlot Payen son dörd ildən yadda qalan ən xoş və vacib məqamları xatırlayaraq layihənin ilk günlərindən fəaliyyət göstərən işçi və müəllim heyətinə təşəkkürünü bildirdi. O həmçinin qeyd etdi, tələbələrin əldə etdiyi uğurlu nəticələr UFAZ-ın imicinin yüksəlməsində böyük rol oynamışdır.

Çıxışlardan sonra UFAZ-ın 4 illik fəaliyyəti ərzində maraqlı anların və tələbələrin uğurlarının əks olunduğu şəkillər və videogörüntülər qonaqlara nümayiş olunub. 

Tədbirin davamında oxuduqları ixtisaslar üzrə yaxşı nəticə göstərən tələbələrdən İradə Bünyatova, Süleyman Qafarlı və Məryəm İsmayılova UFAZ haqqında təəssüratlarını qonaqlarla bölüşüb.

Tədbirə UFAZ-ın direktoru dos. Vazeh Əsgərov moderatorluq etmişdir.

Qeyd edək ki, 2016-cı ildə UFAZ-ın 1-ci kursuna qəbul olan 141 tələbədən 125 nəfəri bu il məzun olur ki. UFAZ-ın 2020/2021-ci il magistratura pilləsinə qəbul olan 80 tələbədən 47 nəfəri UFAZ tələbəsidir. 10 UFAZ tələbəsi TOTAL təqaüdünü qazanaraq Fransanın ən aparıcı universitetlərində magistratura pilləsi üzrə təhsil almaq imkanı əldə ediblər. 10-dan çox tələbə müxtəlif xarici universitetlərin magistratura pilləsinə qəbul alıb.  UFAZ-ın 17 tələbəsi öz ixtisası üzrə iş tapmağa nail olub.

Xatırladaq ki, UFAZ Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə 2016-cı ildən fəaliyyətə başlamışdı. UFAZ-da təhsil alan tələbələr ADNSU ilə yanaşı Fransanın Strasburq və Renn-1 Universitetlərinin də diplomlarını əldə edirlər. 2020-ci ilin sentyabr ayından etibarən tədris olunacaq magistratura proqramlarında da iki diplom təmin edilir.

 

 


Paylaş