25 noyabr 2021-ci ildə Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Fransız dili müəllimləri günündə Fransanın "Ordre des Palmes Academique" (Akademik Palma) ordenin "Officier” (Zabit) və “Cəngavər” dərəcəsinin təltif edilmə mərasimi Landmark hotelində baş tutmub.
Fransanın Azərbaycandakı səfiri Zakari Gross mərasimi açaraq Fransa mədəniyyəti və təhsili istiqamətində eləcə də Azərbaycanda fransız dilinin inkişafı və yayılması, Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafında göstərdikləri əvəzsiz xidmətə görə Fransa Respublikasının Milli Təhsil, Gənclər və İdman Nazirliyinin 8 yanvar 2020-ci il tarixli fərmanı ilə ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetin icraçı direktoru, Strasburq Universitetin doktoru, dosent Vazeh Əskərov Akademik Palma ordeninin Zabit dərəcəsi ilə təltif edilib. V.Əskərova ona orden və diplom təqdim edilib. Eyni zamanda Bakı Fransız Liseyinin təhsil müşaviri Gülşən Nağızadə və fransız dili müəllimləri Xədicə Abdullayeva, Mahirə Şükürova, Rafiq Mikayılov Akademik Palma ordenin Cəngavər dərəcəsi ilə təltif ediliblər.
Görüşdə Fransa Respiblikasının Azərbaycandakı səfiri Zakari Gross, Azırbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, İqtisadiyyat Nazirinin müşaviri Məsim Məmmədov, Təhsil Nazirliyinin məsul işçısi, yazıçı Rövşən Ağayev, ictimai xadim Hacı Nuran Hüseynov və eləcə də fransız dili müəllimləri və digər yerli və xarici qonaqlar iştirak ediblər.
Qeyd edək ki, “Akademik Palma” ordeni 1808-ci il martın 19-da I Napoleon Bonapart tərəfindən Paris Universitetinin və bəzi liseylərin akademikləri və professorlarını təltif etmək məqsədi ilə təsis edilmişdir. İlk dəfə bu yüksək mükafatla Paris Universitetinin akademik və professorları təltif olunublar. “Akademik Palma” ordeni Fransada elm və mədəniyyət sahəsində təqdim olunan ən yüksək və imperiya dövründən qalan yeganə orden sayılır. 4 oktyabr 1955-ci ildə Respublika Prezidenti olmuş Rene Kotinin imzaladığı fərmanla Akademik Palma Ordeninin cəngavər, zabit və komandir rütbələri təsis edilib.