Yanvarın 12-də ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu (KPRİET - KPR İnstitute of Engineering and Technology) arasında qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyət göstərən birgə İşçi qrupun ilk iclası keçirilib.
İclasda 15 dekabr 2021-ci il tarixində ADNSU və KPRİET arasında bağlanmış müqavilədən irəli gələn məsələlər müzakirə edilib. İşçi qrupunun rəhbəri, Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Yaşar Həsənov hər iki ölkənin elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın bütün pillələrini əhatə edəcəyini vurğulayıb.
Görüşdə Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, Sənaye maşınları kafedrasının professoru İbrahim Həbibov, Mexanika kafedrasının müdiri, professor Ələsgər Əliyev, Materialşünaslıq və emal texnologiyaları kafedrasının müdiri, dosent Tahir Cabbarov, Sənaye maşınları kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov həmçinin, dosent Ramil Sadıqov çıxış ediblər. Çıxışlar zamanı iki universitet arasında bağlanmış əməkdaşlıq müqaviləsinin prespektivlərindən, Hindistan institutunun tədris edəcəyi fənn və göstərəcəyi maddi-texniki dəstəkdən, professor-müəllim heyətənin qarışlıqlı mübadiləsindən, iki universitet arasında mövcud olan ikili diplom proqramının önəm və əhəmiyyətindən, həmçinin elmi-texniki işlərin birgə layihələndirilməsindən, ixtisas seçimlərinin aparılmasından bəhs olunub.
Xatırladaq ki, 2022-ci il 1 oktyabr tarixindən start götürəcək birgə layihə çərçivəsində KPRİET ilkin mərhələdə öz tərkibində ADNSU-ya aid “Mexanika mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarını yaradacaq. Tədris prosesinin həyata keçirilməsinə, tətbiq olunan metodlara, təhsilin keyfiyyəti ilə yerində tanış olmaq məqsədilə ADNSU-dan hər tədris ilində Hindistan Respublikasına (tərəfdaş universitetə) səfərlər təşkil olunacaq. Ezam olunacaq müəllim heyəti həm oradakı ADNSU tələbələrinin tədrisinə cəlb olunacaq, həm də hindistanlı müəllimlərə seminar və təlimlər keçəcəklər.