Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin və universitetin birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. O, insanların bir-birinə qayğı ilə yanaşmasının vacibliyini qeyd edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və hazırki görüşün məqsədi haqqında tələbələrə məlumat verib.
“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova tələbələrlə görüş üçün yaratdığı şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq edib. O, çıxışında Leykemiya ilə mübarizə tədbirlərindən danışıb. İctimai birliyin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verən M.Bağırova maarifləndirici xarakter daşıyan belə tədbirlərin mütəmadı olaraq keçirildiyini və eyni adlı xəstəlikdən əziyyət çəkən insanlara birlik tərəfindən dəstək olunduğunu qeyd edib.
Görüşdə “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin əməkdaşları mövzu ilə bağlı video-təqdimatla çıxış ediblər, hər kəsi bu xeyirxah missiyada könüllü olaraq əməkdaşlığa dəvət ediblər.