×

Xəbərlər

Xəbərlər 05 Jun 2017
ADNSU ilə Çinin tanınmış “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir

İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin İKT sahəsində tanınmış “Huawei” şirkətinin Regional satış direktoru Azad Cəfərli ilə görüşüb.

İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sahəsində əməkdaşlığın və yeni innovasiyaların tətbiqinin müzakirə olunduğu görüşdə ADNSU-da tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək məsələsinə toxunulub və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Huawei” şirkəti ilə əməkdaşlığa yüksək dəyər verdiyini diqqətə çatdıran ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Huawei” şirkətinin İT sahəsinin əsas iştirakçılarından biri olduğunu qeyd edib. İT sahəsinin sürətlə dəyişdiyini deyən rektor M.Babanlı bu sürət tempinə uyğun olaraq universitetdə tələbələrin hazırlıq keçməsinin, buna uyğun olaraq 10 fənnin tədris olunmasının, yeni mövzuların seçilməsinin eləcə də ADNSU-nun Startap məktəbi ilə sıx əməkdaşlıq olunmasının  vacib olduğunu  bildirib.

“İT sahəsində mövzuları tez-tez dəyişmək lazımdır. Biz birlikdə universitetin İT sahəsini inkişaf etdirməliyik. Biz təhsili və elmi əsas götürməliyik. Daha sonra isə istehsalat və innovasiyalar gəlir.  Biz innovativ biznesi universitetə gətirmək istəyirik” - deyə rektor M.Babanlı bildirib.

Daha sonra rektor M.Babanlı “Huawei” şirkətinin “Smart Campus” sisteminin ADNSU-da  tətbiq olunmasını istədiyini açıqlayıb və hər iki tərəfin İT akademiyalarının əməkdaşlığının müsbət nəticələr verəcəyini söyləyib.

ADNSU ilə geniş əməkdaşlıq üçün kifayət qədər imkanları olduğunu deyən “Huawei” şirkətinin Regional satış direktoru Azad Cəfərli bunun üçün işçi qrupun yaradılması və universitetin İT departamenti ilə sıx əməkdaşlıq olunmasını vacib saydığını deyib.

Qeyd edək ki, Huawei şirkəti 100-dən çox ölkədə filialları olan dünyanın ən iri texnoloji şirkətlərindən biridir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara 1,2 milyard ABŞ dollarından çox vəsait xərcləyir. Huawei yüksək texnologiyalar sahəsində patentlərin sayına görə dünya liderlərindən biridir. Son illər ərzində şirkət “Huawei” brendi altında smartfonların satış həcmini uğurla artıra bilib.


Paylaş