İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin “Neft-qaz yataqlarının geologiyası və işlənməsi” elmi tədris mərkəzinin direktoru Pavel İlyuşin, mərkəzin direktor müavini Anton Qarbuşin və “Lukoil Perm” MMC-nin inteqral əməliyyat mərkəzinin rəisi Anton Kozlov ilə görüşüb.
İki universitet arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə tələbə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan rektor M.Babanlı universitetin tarixi, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında qonaqlara ətraflı məlumat verib. UFAZ və Startap layihələrindən danışan rektor, professor M.Babanlı universitetin əsas məqsədinin müasir dövrün tələblərinə uyğun, texnoloji yenilikləri mənimsəyən tələbələr yetişdirmək olduğunu diqqətə çatdırıb. Rektor M.Babanlı əməkdaşlığın genişlənməsinin və tələbə mübadiləsi sahəsində əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Startap sahəsində ADNSU-nun çox maraqlı təcrübəsi olduğunu deyən Perm Milli Tədqiqat Politexnik Universitetinin “Neft-qaz yataqlarının geologiyası və işlənməsi” elmi tədris mərkəzinin direktoru P.İlyuşin konkret istiqamətlərdə əməkdaşlığa başlamağın zəruri olduğunu qeyd edib. O ADNSU ilə texnoparkın yaradılması və bu istiqamətdə əməkdaşlıq edə biləcəkləri 4 mövzunu artıq müəyyənləşdirdiklərini deyib.
Görüşün sonunda tərəflər yeni əməkdaşlıq memorandumunun imzalanması barəsində razılığa gəlib.