×

Xəbərlər

Xəbərlər 07 Jun 2017
ADNSU ilə “BentleySystems” şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb

İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “BentleySystems” şirkətinin Azərbaycandakı törəmə şirkəti olan Spectra şirkətinin direktoru Fərhad Əhmədov və texniki direktoru Rasim İbrahimov ilə görüşüb.

Yeni texnologiyaların universitetdə tətbiqi, Startap və İT akademiyaların inkişafının müzakirə olunduğu görüşdə bu istiqamətdə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması barədə söhbət aparılıb.“BentleySystems” şirkəti ilə əməkdaşlıq etməkdən qürur duyduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin maddi-texniki bazasının şirkət üçün hər zaman açıq olduğunu qeyd edib.

İqtisadiyyatın inkişafının yeni texnologiyaların inkişafından bilavasitə asılı olduğunu deyən rektor M.Babanlı bu texnologiyaların burada tətbiqinin tələbələrin təcrübəsində mühüm rol oynayacağını qeyd edib. Daha sonra ADNSU-nun Startap məktəbindən və Startap layihələrdən danışılıb.

Texnoloji yeniliklərin ölkəmizin inkişafı üçün əsas meyar olduğunu deyən  BentleySystems-in Azərbaycandakı törəmə şirkəti olan Spectra şirkətinin texniki direktoru R.İbrahimov ən yeni texnologiyaların universitetə gətirilməsinin çox önəmli hadisə olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, Spectra” MMC 2011-ci ildə Azərbaycanda korporativ müştərilər bazarına xidmət etmək üçün yaradılıb və iş səmərəliliyinin artırılması, proseslərinin optimallaşdırılması və nəticədə, gəlirliliyi artırmaq üçün qabaqcıl həllər təklif edir. 2014-cü ilin əvvəlindən memarlar, mühəndislər, coğrafi-informasiya texnologiyaları, istehsalçıları və infrastruktur sahibləri üçün nəzərdə tutulmuş proqram təminatı təchizatı üzrə dünya lideri “Bentley Systems” şirkətini rəsmən təmsil edir.


Paylaş