×

Xəbərlər

Xəbərlər 13 Jun 2017
ADNSU ilə BP Azərbaycan şirkəti arasında əlaqələr genişlənir

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı BP Azərbaycan şirkətinin Xarici Əlaqələr və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Tədbirlər və Brend Kommunikasiya üzrə meneceri Zaur Cəbrayıl və şirkətin Sosial İnvestisiyalar və İcmalarla əlaqələr üzrə meneceri Elçin Haqverdiyev ilə görüş keçirib. 

Univeristetdə aparılan tədris prosesi, beynəlxalq əməkdaşlıq, Startap məktəbi, İT Akademiya haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı şirkətlərlə universitet arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Rektor M.Babanlı ADNSU-da fəaliyyət göstərən və artıq bir sıra yeniliklərə imza atan Startap məktəbinin layihələrindən danışıb. Rektor gənc mütəxəssislərin yetişməsi, onların işlə təmin olunması, İT sahəsində biliklərin artırılması və eyni zamanda ingilis dilində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı Startap layihələrinin həyata keçirilməsi yönündə bir sıra işlər aparılmasının vacibliyini diqqətə çatdırıb.

BP Azərbaycan şirkətinin Xarici Əlaqələr və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin gerçəkləşdirdiyi sosial və təhsilə dəstək layihələri barədə məlumat verib. O bu layihələr çəçivəsində BP Azərbaycan şirkəti ilə ADNSU arasında əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Görüşdə startap layihələrinə dəstək verilməsi, ingilis dili müəllimləri üçün seminarların təşkil olunması və dərsliklərin tərcüməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər yeni layihələrlə bağlı əməkdaşlığa dair razılığa gəliblər.


Paylaş