İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı çərçivəsində Lazer mərkəzinin açılışı olub.
Təhsil naziri Mikayıl Cabbarov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı Lazer mərkəzinin açılışını edib. Lazer aparatı ilə tanış olan nazir M.Cabbarova lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verilib. Laboratoriyada başlıqların iş prinsipi əyani olaraq nümayiş etdirilib. Yeyilmiş səthləri bərpa etmək üçün nəzərdə tutulan lazer başlıqlarının neft və yüngül sənayedə, eləcə də kənd təsərrüfatında avadanlıqların bərpası üçün istifadə oluna biləcəyi qeyd edilib.
Xatırladaq ki, Lazer mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması nəzərdə tutulub.