İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə Təhsil naziri, cənab Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, şirkət rəhbərləri iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı II Strartap və İnnovasiya Festivalını açıq elan edib. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışan rektor M.Babanlı gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir: “Bizim əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr öz buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə biz universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”, - deyə rektor qeyd edib. O bu işlərin həyata keçirilməsində daim ADNSU-nun yanında olduqlarına görə, Təhsil naziri cənab Mikayıl Cabbarova, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadəyə və digər şəxslərə universitet adından təşəkkürünü bildirib.
Rektor, Mustafa Babanlının çıxışından sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”, “General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələri festival iştirakçılarına təqdim olunub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə İnformasiya Texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib. Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib. Nazirliyin Yüksək Texnologiyalar Parkına bu günə kimi 300-dən çox startapçı müraciət edib. Onlardan 29-u parkda daimi fəaliyyət göstərir. 150-yə yaxın startapçı isə bizimlə mütəmadi olaraq əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib. Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir: "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”, - deyə Təhsil naziri qeyd edib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov festival iştirakçılarına uğurlar arzulayıb və "eazi START" startap mərtəbinin “Smart Keyboard” layihəsinin müstəsna müəlliflik hüququnun ADNSU-ya aid olduğunu təsdiqləyən sənədi rektor, prof. Mustafa Babanlıya təqdim edib.
Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
II Strartap və İnnovasiya Festivalının sonunda ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin professor və müəllim heyəti, tədbirdə iştirak edən müxtəlif dövlət və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. ADNSU rektoru, prof. M.Babanlı şirkət nümayəndələrinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, universitet və müəssisələr arasında bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini qeyd edib. Dəyirmi masada sərmayəçilərlə startap layihələrinin inkişafı, gələcəkdə görülməli olan işlər, birgə əməkdaşlıq və s. mövzular müzakirə olunub.